Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacaları sərgi və tamaşa ilə sevindirib.
Teatrda UAFA – Azərbaycana Birgə Yardım Təşkilatının xeyriyyə layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan (fiziki qüsurlu) uşaqların “Qarabağ uşaqların gözü ilə” adlı sərgisi açılıb.
Sərgini uşaqlarla birlikdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıb. Sərginin kuratoru, teatrın baş rəssamı Vüsal Rəhim, layihənin koordinatoru Zəhra Xələfova və Aysel Əmirovanın bələdçiliyi ilə sərgiyə baxış keçirilib.
Layihədə iştirak edən uşaqlara teatrın adından həvəsləndirici diplomlar təqdim edilib.
Sonra uşaqlar “Qırmızıpapaq və Redmuzi” müziklinə baxıblar. Ş.Perronun məşhur “Qırmızıpapaq” nağılının motivləri əsasında hazırlanan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
“Vətən” uşaq teatr-studiyası ilə teatrın birgə layihəsi olan tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynovadır. “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi), Əzizə Həsənzadə (Qırmızıpapaq), eləcə də Ellada Sarvan, Beyrək Rüstəmzadə, Yaqut Bədəlova və başqaları müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxıblar. Teatrın aktyorları Əmrah Dadaşov və Hüseyn Əlili də onlarla eyni səhnəni bölüşüblər.
Balaca tamaşaçılar teatrdan xoş təəssüratla ayrılıblar.