M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin “Şuşa İli” çərçivəsində daha bir konserti Tbilisidə, Gürcüstan Milli Kitabxanasında keçirilib. “Xarıbülbül” adlı konsert proqramı Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşıb.
Konsertdə IV Muğam televiziya müsabiqəsinin qalibi gənc xanəndə Zümrüd Məmmədova Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa edib. Onu pianoda Əməkdar artist Nərgiz Əliyeva, tarda Səfər Səmədov və kamançada Elmar Ələkbərli müşayiət ediblər. Tamaşaçılar gənc xanəndənin ifa etdiyi “Çırpınırdı Qara dəniz”, “Qarabağ şikəstəsi, “Anadır arzulara hər zaman Qarabağ”, “Azərbaycan” mahnılarını alqışlarla qarşılayıblar.
Sonda Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxış edərək musiqiçilərə minnətdarlıq edib. O bildirib ki, Azərbaycan musiqisi, xüsusən də “Qarabağ şikəstəsi” və digər mahnılar xaricdə yaşayan soydaşlarımızın bir növ himninə çevrilib. Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki Qələbəsindən sonra dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda bu cür konsert proqramları təşkil olunur. Bu, eyni zamanda, zəngin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına və təbliğinə xidmət edir.
Muzeyin elmi işçisi Leyla Əliyevanın sözlərinə görə, “Şuşa İli” çərçivəsində Tbilisidə və Gürcüstanın bölgələrində daha bir neçə konsert proqramı təşkil olunacaq.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konsert zamanı səhnədə quraşdırılmış ekranda Azərbaycan Prezidentinin Qarabağa, Şuşaya səfərlərini, rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfərini əks etdirən videoçarx nümayiş etdirilib.