Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən 28 may – Müstəqillik Günü münasibətilə rəsmi qəbul və konsert təşkil olunub. Səfirlikdən verilən xəbərə görə, tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilib.
Mərasimdə çıxış edən ölkəmizin Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hər bir azərbaycanlı üçün qürur mənbəyi olan tarixdir. Qeyd olunub ki, bu dövlət cəmi 2 il mövcud olsa da, bir çox nailiyyətlərə imza atıb, o cümlədən qadınlar və milli azlıqlar üçün seçki və digər hüquqları tanınıb. Diplomat Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yola da nəzər salıb, müstəqil dövlətin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoyması, bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi barədə danışıb, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyü bərpa olunduğun diqqətə çatdırıb.
Səfirliyin nəzdində fəaliyyət göstərəcək AMM barədə də məlumat verən səfir mərkəzin Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə təsis edildiyini bildirib. Qeyd olunub ki, AMM 2022-ci ildə – “Şuşa İli” çərçivəsində bir çox maraqlı mədəni tədbirlərə ev sahibliyi edəcək.
Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq AFR hökuməti adından Azərbaycan Müstəqillik Günü münasibətilə təbrikini çatdırıb, Azərbaycan-Almaniya münasibətlərinə nəzər salıb.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarların, eləcə də alman klassiklərinin əsərləri səsləndirilib.
28 may – Müstəqillik Günü münasibətilə təşkil olunmuş ziyafət zamanı Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən kliplər də nümayiş etdirilib.
Tədbirdə Bundestaqın deputatları, Almaniya dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və azərbaycanlı diasporunun təmsilçiləri iştirak ediblər.