Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində müvafiq tədbirlər planına uyğun olaraq, Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin  iştirakı ilə muğam festivalı keçirilir.

Ayrı-ayrı rayonlar üzrə seçim mərhələsindən sonra 5-6 iyun tarixlərində Bakıdakı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin  muğam festivalının II turu keçirilib.

Şagirdlərin çıxışlarını festivalın münsiflər heyəti – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, Xalq artisti Gülyaz Məmmədova, ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov və ADMİU-nun Muğam sənəti kafedrasının dosenti, Əməkdar artist Zakir Əliyev qiymətləndirib. Yaxın günlərdə festivalın qala-konserti və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.