Orijinal memarlıq üslublu kompleks bərpa və yenidənqurmadan sonra istifadəyə verilib

 

Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 6-da kompleksdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub.  “Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir.

Kompleksin əsas atributu olan günbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqça” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca günbəz və hissələrdə cəmləşdirilib.

Qeyd edək ki, “Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoli Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 günbəzdən ibarətdir.

Layihələndirilməsi 1978-ci ildə, tikintisi 1980-ci ildə başlanan ticarət kompleksi 1982-ci ildə istifadəyə verilib.

Orijinal memarlıq üslubuna görə “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Bununla belə, 2017-ci ildə kompleksdə aparılmış əsaslı baxış zamanı müəyyən edilib ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kortəbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq tikilidə ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. 

Kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranıb. Bundan sonra detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.

Ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilən “Şərq Bazarı” kompleksi yenidən qurularaq şəhərimizin gözəlliyinə gözəllik qatıb.