Almaniyanın dünyaca məşhur “Hans Sikorski” musiqi nəşriyyatı Firəngiz Əlizadə ilə əməkdaşlıq edərək, onun yaradıcılığını təbliğ edir. Bu günlərdə bəstəkarın yubileyi münasibətilə Bakıda keçirilən musiqi festivalında “Hans Sikorski” nəşriyyatının nümayəndəsi, bəstəkar və repertuar meneceri Qabriel Teşner də iştirak edib.

Qonaq səfər zamanı Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyini də ziyarət edib. Muzeyin ekspozisiyası ilə maraqla tanış olan Qabriel Teşner Mstislav Rostropoviç və Firəngiz Əlizadə kimi görkəmli insanların doğulduğu şəhərdə olduğu üçün qürur hissi keçirtdiyini bildirib.

Muzeyin direktoru Günay Əliyeva qonağa Mstislav Rostropoviçin Almaniyada çıxışları, Kronberq Akademiyasında  fəaliyyətinə dair kitablar, orada adına keçirilən musiqi festivallarının proqramları, maestronun “Deutsche Grammofon”da işıq üzü görən, ifalardan ibarət albomları barədə ətraflı məlumat verib. M.Rostropoviç və F.Əlizadə kimi iki böyük musiqiçinin dostluğu, yaradıcılığı, eyni zamanda nəşriyyat evinin fəaliyyəti və görüləcək layihələr ətrafında maraqlı söhbət aparılıb.

Sonda Qabriel Teşner xoş və səmimi qarşılanma, maraqlı ekskursiyaya görə minnətdarlığını bildirib.