Məktəbli yazar, şair Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabı çapdan çıxıb. İyunun 6-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında kitabın təqdimatı keçirilib.

Tədbirdə uşaq yazarı Sevinc Nuruqızı, “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Kaspi” liseyinin şagird və müəllim kollektivi, şəhid Ramazan Göydağlı, Cavid Səfərli və mayor Emin Süleymanovun ailə üzvləri və yaxınları, digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarıın xalqımızın qəlbində və xatirələrində daim yaşayacağını vurğulayıb. Diqqətə çatdırılıb ki, təqdimatı keçirilən kitab məktəbli yazar Sevindik Nəsiboğlunun oxucularla növbəti görüşüdür. 2018-ci ildə onun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabları, 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr və “Konüllərə yol gəzirəm” adlı şeir kitabları nəşr edilib. Bu kitabların hər biri müəllifin daxili aləminin zənginliyini göstərir. “Möhtəşəm Zəfərin nişanəsi” kitabının əsas mövzusunu Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel, 2020-ci ilin (iyul) Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıq yolu təşkil edir. Kitabda 70-dən çox şəhid haqqında məqalə və şeirlər, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir, habelə 300-dən çox şəhidimizlə bağlı məlumatlar yer alıb.

Təqdimatda uşaq yazarı Sevinc Nuruqızı gənc istedadlı yazara yeni yaradıcılıq uğurları arzulayıbı. “Kaspi” liseyinin şagirdləri kitabdan şeirlər söyləyiblər. Müəllif kitabını imzalayaraq yaşıdlarına hədiyyə edib.