Tanınmış jurnalist, yazıçı, ssenarist İntiqam Mehdizadə iyunun 8-də, 77 yaşında vəfat edib.
İntiqam Alı oğlu Mehdizadə 1945-ci il fevralın 14-də İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri" qəzetində işə başlayıb, 1973-cü ildən Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsində çalışıb. Televiziyada "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. Azərbaycan Radiosunda yayımlanan və geniş dinləyici kütləsinin böyük maraqla, sevgiylə qarşıladığı “Bulaq” verilişinin redaktoru olub. Bu verilişin materialları əsasında nəşr etdirdiyi “Bulaq”, “Maraqlı qoca dağlar” və korifey sənətçilərdən bəhs edən “Karvanın sarvanı” kitabları mədəniyyət tariximizə düşən işıq kimi əhəmiyyətlidir. Onu da qeyd edək ki, ömrünün ahıl çağlarında o, yenidən “Bulaq” verilişinə qayıtmışdı.
Yazıçının "Təsəlli" və "Hərənin öz dünyası" kitabları da oxucuların diqqətini çəkib. Onun qələmindən çıxan "Axtarış", "Dan yeri", "Duyğu", "Yeni üfüqlər", "Vaxt", "Mövqe", "Çərxi-fələk", "Sorğular, cavablar", "Sənətsevər" kimi çoxsaylı radio verilişləri dinləyicilərin könlünü oxşayıb.
İ.Mehdizadə bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi və Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda universitetdə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.
Ustad jurnalist bir sıra qəzetlərdə silsilə yazılarla çıxış edib. Onun dövri mətbuatda dərc olunan məqalələri, xatirələri, araşdırma yazıları Azərbaycan mətbuat tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.
İ.Mehdizadə Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” və "Qızıl qələm" mükafatlarına layiq görülüb.
Allah rəhmət eləsin.