London Royal Musiqi Akademiyasının professoru, truba ifaçısı Kristian Riçards Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsi keçib.

Ustad dərsində BMA-nın tələbələri Oruc Orucov, Səid Rəsulov, Fərid Hacıyev, Timur Xındırıstanskiy və Faiq Əlizadə Çarı Nurımovun “Truba üçün konsert”, Daniil Qinetsinskinin “Yumoreska”, “Prelüdiya”, Alfred Şnitkenin “Köhnə stildə süita”, Astor Piazzolanın “El  Viaje”, Vyaçeslav Şelokovun “Truba üçün konsert”, Anton Arenskinin  “Konsert” valsı, Cüzeppe Tartininin “Truba üçün konsert” (ll, lll hissələr) əsərləri üzərində işləyiblər.

Professor Kristian Riçardsın metodikası seçilmiş əsərdən və tələbələrin ifaçılıq qabiliyyətlərindən asılı olaraq hər bir tələbəyə fərdi yanaşması ilə xarakterizə olunur. Ustad dərsində K.Riçards ifa zamanı nəfəsi düzgün idarə etməyin üsulları haqqında danışıb və tövsiyələrini verib.