15 İyun – Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan ulu öndər Heydər Əliyev olub. Böyük dövlət xadiminin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı müasir tariximizin dönüş nöqtəsinə çevrildi. Milli Qurtuluş Günü hər il ölkəmizdə təntənə ilə qeyd olunur.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qurtuluş salnaməsi” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşları Rahilə Şükürova və Əli Əhmədov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva və digərlərinin çıxışları dinlənilib. Natiqlər əlamətdar günün dövlətçilik tariximizdə yerindən danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.

***

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, YAP Masallı rayon təşkilatı, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Rayon ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyi müsabiqədə Nargilə Tağıyeva I, Fidan Abdullayeva II, Aygül Şirəliyeva III yerlərə layiq görülüblər.

Nurəddin