Şabran rayonunun Aygünlü kəndi ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, hazırda arxeoloqlar I Çaqqallıqtəpədə qazıntı işləri aparırlar. Əsas məqsəd mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir.
Burada qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.
Ekspedisiyanın üzvü Fidan Əliyeva deyib ki, qazıntı işləri zamanı tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır. Bu isə Erkən Tunc dövrünün əsas əlaməti sayılır.
Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaqdaşından alətlər də aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.
Ekspedisiyanın digər üzvü Sevinc Hüseynova bildirib ki, Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Tokinlər yazıyaqədərki dövrdə mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən Tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.
Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntılar iyun ayının sonunadək davam edəcək.