Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan infrastruktur layihələrindən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər ki, uzunluğu 39,7 km olan yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistralının Cəbrayıl rayonunun Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilən yol boyu 14 km-lik hissədə asfalt-beton örtüyünün döşənməsi və suni qurğuların inşası yekunlaşmaq üzrədir. 25.7 km-lik hissədə isə yol yatağının və yol əsasının inşası, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yolun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə davam etdirilir.

Azad olunmuş ərazilərdə icra olunan daha bir infrastrukturu layihəsi uzunluğu 44.5 km təşkil edən Bərdə-Ağdam avtomobil yoludur. I texniki dərəcəyə uyğun (4 hərəkət zolaqlı) yolun 5-44.5-ci km-lik hissələrində torpaq işləri bitib. Asfalt-beton örtük hazırda yolun 20 km-lik hissəsində (25-44-cü km-lik) döşənir.  Layihə üzrə 3 yerdə nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi üçün hazırlıq işləri aparılır. Bundan başqa, yolun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik körpülərin inşası yekunlaşıb.

***

Horadiz-Ağbənd dəmiryolunun ikinci mərhələsi üzrə işlər də davam edir. Uzunluğu 110,4 kilometr olan yolun tikintisi üç mərhələ üzrə həyata keçirilir. Artıq ikinci mərhələdə işlər görülür. İkinci mərhələnin başlanğıcı Prezident İlham Əliyev tərəfindən 26 mayda təməli qoyulan Soltanlı stansiyasından (Cəbrayıl rayonu) başlayır.

Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır.

Yolda tikinti işləri üç mərhələdə həyata keçirilir. Birinci mərhələ yolun 30 kilometrlik hissəsini əhatə edir. Bu mərhələ üzrə işlərin 90 faizi yekunlaşıb. Hazırda 55 kilometr uzunluqda olan ikinci – ən böyük mərhələ Soltanlı, Qumlaq (Cəbrayıl rayonu), Həkəri və Mincivan (Zəngilan rayonu) stansiyalarını əhatə edir.

Aparılan bu işlər mina təmizləmə prosesi ilə bərabər yerinə yetirilir. Hazırda yolun 85 kilometrlik hissəsi minalardan tamamilə təmizlənib. Üçüncü mərhələ isə Mincivandan Bartaz-Ağbənd istiqamətində olacaq ki, bu da yol üzrə 25,4 kilometrlik hissəni əhatə edəcək.