Tanınmış aktyor, Xalq artisti, Prezident mükafatçısı Vidadi Həsənov və Belarusdan gələn sənətşünas Olqa Klip iyunun 5-də Lənkəran Dövlət Dram Teatrında olublar.
Sənət ocağının yaradıcılıq fəaliyyəti, mövcud şəraiti ilə yaxından tanış olan qonaqlar gənc rejissor Tərlan Abdullayevin quruluşunda İlqar Fəhminin “Şahnamə” (“Qanlı namə”) pyesi əsasında hazırlanan tamaşanın məşq prosesini də izləyiblər.
Daha sonra teatrın yaradıcı kollektivi ilə görüşən V.Həsənov və O.Klip tamaşanın məşqləri barədə fikirlərini söyləyib, tövsiyələrini bildiriblər.
Teatrın direktoru Tofiq Heydərov və aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev kollektiv adından qonaqlara dəyərli fikirlərinə görə minnətdarlıqlarını çatdırıblar.