İyunun 9-da Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu münasibətlə Xarici İşlər Nazirliyində tədbir və sərgi keçirilib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində iki ölkənin böyük inkişaf yolu keçdiyini qeyd edib. Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq xarakterli münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edən nazir müavini Xələf Xələfov iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair geniş hüquqi bazanın əhəmiyyətini vurğulayıb.
Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Mekan İşanquliyev iki ölkəni tarixi, mədəni bağların, dəyərlərin birləşdirdiyini bildirib. Hazırda Türkmənistan və Azərbaycan münasibətlərinin yeni məzmun kəsb etdiyini bildirən səfir, bu münasibətlərin siyasi, iqtisadi, həmçinin mədəni və humanitar sahələrdə özünü göstərdiyini ifadə edib. Səfir iki ölkənin iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli irimiqyaslı layihələrin Türkmənistan və Azərbaycan əməkdaşlığının yüksək sürətlə inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.