Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Avstriyada yeni layihə həyata keçirir

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Avstriyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start verilib.

İlk tədbir kimi iyunun 7-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən almanca nəşr olunmuş “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın təqdimatı olub. Mərasimdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Avstriya ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMM-in rəhbəri Leyla Qasımova Azərbaycan da daxil olmaqla, Türk dünyasında qadınların cəmiyyətdəki rolundan söz açıb, müsəlman Şərqində qadınlara seçki hüququ tanıyan ilk ölkənin Azərbaycan olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli iki ölkə arasında mədəni əlaqələrə toxunaraq türk xalqlarının qədim dəyərlərinin Avropada təbliğinin vacibliyindən söz açıb. Türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirən səfir Avstriyada təşkil olunan tədbirin əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, türk xalqlarının tarixində hər zaman böyük şəxsiyyətlər sırasında qadınların xüsusi yerə sahib olduğunu, onların mənsub olduqları ölkənin və xalqın taleyində böyük rol oynadığını görmək mümkündür: “Bu baxımdan, mən müasir zəmanəyə nəzər salarkən Türk dünyasının öndə olan qadınlarından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Onun rəhbərliyi altında həyata keçirilən layihələr, onun təşəbbüsləri və xeyirxah əməlləri həm ölkənin daxilində, eyni zamanda beynəlxalq aləmdə mühüm nüfuz qazanıb”.

Fondun prezidenti “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” haqqında məlumat verərək bildirib ki, kitab səkkiz yüz illik bir dövrün ədəbi ruhunu özündə daşıyır: “Burada toplanan şeirlər XII əsrdən XX əsrədək Azərbaycan ərazisində yaşamış görkəmli şairələrin yaradıcılığına işıq tutur. Onlar ölkənin müxtəlif guşələrində, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, mədəniyyət beşiyi olan Şuşada yaşamış şairələrdir. Onlardan birinin – məşhur şairə və ictimai xadim Xan qızı Xurşidbanu Natəvanın bu il 190 illik yubileyi tamam olur”.

G.Əfəndiyeva tədbirin təşkilində əməyi keçən bütün tərəfdaşlara, eləcə də yaradıcı heyətə təşəkkürünü çatdırıb.

Antologiyanın alman dilində nəşrinin ərsəyə gəlməsində önəmli rolu olan araşdırmaçı-yazar Orxan Aras çıxışında hələ Orta əsrlərdə Azərbaycan şairələrinin dövrünün ziyalı, tərəqqipərvər və açıqfikirli insanlar olduqlarını vurğulayıb.

Daha sonra Azərbaycan qadın şairələri haqqında sənədli film nümayiş etdirilib. Yazar və jurnalistlər Ülviyyə Heydərova və Zəhra Quliyevanın müəllifləri olduqları sənədli filmdə Azərbaycan tarixinə nəzər salınır, müxtəlif dövrlərdə yaşamış şairələrin həyat və yaradıcılığından bəhs olunur.

Tədbir musiqili bədii proqramla davam edib. Xalq artisti Mehriban Zəki və avstriyalı aktrisa Sebine Petzl tərəfindən antologiyaya daxil olan şeirlər səsləndirilib, Avstriyada yaşayan azərbaycanlı pianoçu Abuzər Manafzadə və Karen Danger-Manafzadənin ifasında şairələrin əsərlərinə bəstələnmiş mahnılar tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, antologiyada Məhsəti Gəncəvi, Ağabəyim ağa, Xurşidbanu Natəvan, Heyran xanım, Ümgülsüm, Nigar Rəfibəyli, Mirvarid Dilbazi və başqa tanınmış azərbaycanlı şairələrin şeirləri toplanıb.