Böyük müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) anım günü (9 iyun) münasibətilə Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, idarə əməkdaşları, paytaxtın fəal gəncləri iştirak ediblər.

Raqif Abbasov Rəşid Behbudovun Azərbaycan musiqisi tarixində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Rəşid Behbudov, sadəcə, müğənni, musiqiçi deyildi, həm də millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi. Bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın da qəlbində əbədi yaşayacaq.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrinin solisti Urfan Cəfərov və gənc istedadlar Məmməd Şammədov, Kənan Sultanovun ifasında Rəşid Behbudovun repertuarından məşhur “Azərbaycan” və “Alagöz” mahnıları səsləndirilib.