Heydər Əliyev Sarayının “Əbədiyaşarlar” layihəsi çərçivəsində iyunun 7-də unudulmaz bəstəkar, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm, ey Vətən” adlı konsert proqramı təqdim edilib.

Konsertin əvvəlində Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov Elza İbrahimovanın sənət dünyasından danışıb. Bildirilib ki, duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Elza İbrahimovaya əbədi sənət rəğbəti qazandırıb. O, musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən bəstəkar idi: “Azərbaycanımızı vəsf edən bir çox mahnılar var. Bugünkü gecənin adı olan "Nəğmə dolu bir ürəyəm, ey Vətən" mahnısı da Azərbaycanımıza həsr olunan ən gözəl musiqi əsərlərindəndir”.

Sonra müğənni İlhamə Qasımovanın ifasında bəstəkarın “Ey Vətən” mahnısı səslənib.

Gecədə Elza İbrahimovanın unudulmaz nəğmələrini Xalq artistləri İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Vasif Məhərrəmli, Rəşad İlyasov, Gülüstan Əliyeva, Aqşin Abdullayev, Almaz Orucova, Teymur Əmrah, istedadlı müğənnilər Zamiq Hüseynov, Arzu Əliyeva, Aytən Məhərrəmova, Samir Piriyev, Samirə Əliyeva, Nicat Cəfərzadə, Türkay Məlikova, Cavad Sultanov, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Ayşən Mehdiyeva Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblının müşayiəti ilə ifa ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.