İyunun 12-də görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun (1932-2006) anadan olmasının 90-cı ildönümü tamam oldu. Bu münasibətlə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət edilib.
Məzarın önünə Mədəniyyət Nazirliyinin, sənətkarın uzun illər aktyor kimi çalışdığı, həmçinin bir müddət rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının adından əklillər qoyulub.
Mədəniyyət Nazirliyi Teatr sektorunun müdiri Könül Cəfərova, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, digər çıxış edənlər unudulmaz sənətkarın həyat və yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Hacıbaba Bağırov yaratdığı və özünəməxsus yumorla oynadığı rollar teatr və kino tariximizin səhifələrini zənginləşdirib. Həyata 74 yaşında əlvida deyən aktyorun yaradıcılıq yolu sənətə yeni gələn gənclər üçün məktəb olaraq qalacaq.
Qeyd edək ki, iyunun 12-də Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyi münasibətilə “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) tamaşası nümayiş olunub.
Bu tamaşa H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə təqdim edilib. Tamaşa səhnəyə qoyulduğu gündən maraqla qarşılanır və 81-ci dəfə nümayiş olunub.
Teatrın foyesində aktyorun “O olmasın, bu olsun” musiqili komediyasında oynadığı Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında Sonqulu (2004) obrazlarının səhnə geyimləri də sərgilənib.