Türkiyənin Ege Universiteti (İzmir) Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı, dosent Pınar Fedakar və universitetin Dövlət Türk Musiqisi Konservatoriyasının əməkdaşı Ali Hikmet Gökçen bu günlərdə Azərbaycan Aşıqlar Birliyində (AAB)  qonaq olublar.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayaraq qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə Türkiyədə və Azərbaycanda, eləcə də Borçalıda və Cənubi Azərbaycanda aşıq sənətinin mövcud durumu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qonaqlar xüsusilə Borçalı aşıq mühiti, Borçalı aşıqlarının həyat və yaradıcılığı, Borçalı aşıq havalarının özəllikləri ilə maraqlanıblar.

AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının da iştirak etdiyi görüşün sonunda qonaqlara Azərbaycan aşıq sənəti, o cümlədən Borçalı aşıq mühitinə dair kitablar hədiyyə olunub.