Azad yurdun nəğmələrdə tərənnümü: yeni diqqətəlayiq nümunələr varmı?
Onu vəsf edərkən elə inanılmaz duyğular keçirirsən ki, sözlər aciz qalır, ifadələr yerin sapdırır. Bilmirəm, nə hikmətdir, amma adama elə gəlir ki, ona sevgi və heyranlığın ifadəsində kəlmələr acizdir. Odur ki, sözü də, adi təsviri də mütləq musiqi ilə həmahəng olmalıdır. Səsin-avazın oldu, ya olmadı – fərqi yoxdur, onun qoynunda könlündən qopan sözləri mütləq hansısa ladda tələffüz etməlisən.
Bunu ömrümün ilk müqəddəs ziyarətində – Şuşa səfərində bir daha anladım. Səsin, musiqi duyumunun, üstəlik, o torpaqda zümzümənin belə nə qədər məsuliyyət tələb etdiyinin fərqinə varmadan oxudum. Gah ürəyimdə, gah da aşkar. Bu hikmətin sirrinə də ayağım o torpağa dəyəndə vaqif oldum. Əslində, oxuyan mən, sən, biz yox, o özüdür. Şuşa özü oxuyur, oxudur, zildən bəmə, zəngulədən rəngə özü düşür. Sən də, sadəcə, ona qoşulursan. Ya da bunu elə zənn edib xoşhal olursan...
Əksər musiqişünaslar Şuşadan söz edərkən xoşavazlı xanəndələr, istedadlı instrumental ifaçılar yurdu olan bu şəhərin, əslində, özünün bir canlı musiqi əsəri olduğunu dilə gətiriblər. Həqiqətən də, belədir və tarixin bütün zamanlarında Şuşa həm musiqimizin beşiyi, həm də onun ən gözəl təbliğçisi olub.
28 illik işğal dövründə Şuşaya həsr olunan mahnıları, muğamları dinlədikcə, təbii ki, hamımızın ürəyindən bir sızıltı keçib, nisgilli gözlərimizdə yaş gilələnib. Könüllər “Şuşanın dağları”nda pərvaz edib, dillər “Şuşa nəğməsi”nə köklənib, keçmiş xəyallar “Şuşam laylay”a qoşulub ahu-fəğan edib. Bu mövzu, bu ahəngə köklənən mahnılar sarı simimizə çevrilib. Amma buna baxmayaraq, o, hər birimizin qəlbindəki əbədi ünvanını dəyişməyib.
Bu gün isə ürəyimizi dağa döndərən Zəfərimizin, Şuşanın azadəliyinin fəxarətində daha gözəl duyğular içindəyik. Cənnət Şuşanın musiqimizdə yeri, onun hüsnü-camalının vəsf olunduğu musiqi əsərləri haqqında axtarış edərkən ilk qarşılaşdığım mənbə, təbii ki, hamımızın dillər əzbəri olan “Şuşanın dağları” mahnısıdır. Xalq mahnısı qədər xəlqiləşib, az qala Şuşanın himninə, musiqi izharına çevrilən bu mahnı ilə başladım təsvirə. Bir çoxları bu mahnını Qarabağın simvolik himni də adlandırır.
Qarabağ musiqi məktəbinin ən parlaq nümayəndələrindən olan Xalq artisti Xan Şuşinskinin müəllifi olduğu “Şuşanın dağları” Şuşalı-Şuşasız bütün zamanlarda tək təsəllimiz, tək könül sirdaşımız olub bəzən. Bu mahnı o qədər sevilib ki, əksər ifaçılar ona dönə-dönə müraciət ediblər. Nisbətən yaşlı nəsillər muğam ustadları Əbülfət Əliyevin və Yaqub Məmmədovun ifalarını xüsusi qeyd edirlər. Şuşanın çal-çağırlı günləri geridə qaldıqca, ürəklərdəki həsrəti dərinləşdikcə, “Şuşanın dağları”nın ifaçıları da artdı.
Zaman keçdi və biz yenidən Şuşamıza qovuşduq. Şuşa ilə görüşdən, Zəfərimizdən sonra mahnıya müraciət edənlərin sırası daha da genişləndi. Amma Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin Şuşa mövzusunda bir-birindən maraqlı və fərqli üslub və janrlı əsərlərinin sayı artsa da, onların heç biri hələlik “Şuşanın dağları” qədər populyarlıq qazanmayıb...
Qala-şəhərimiz haqqında musiqi əsərlərini iki hissəyə bölmək olar: Şuşanın işğalından əvvəl və sonra yaranan musiqi əsərləri. Bunun isə yeganə səbəbi bəstəkarlarımızın Şuşa mövzulu əsərlərindəki janr və üslub fərqidir.
Şəhərin gözəlliyini vəsf edən nəğmələrdən bəhs edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bu nümunələrin hər birində qəribə bir ecazkarlığın, həzinliyin duyulduğunu deyir. Bu isə, sözsüz ki, şəhərin musiqi mədəniyyətimizdəki yerindən qaynaqlanır: “Şuşa bizim musiqi mədəniyyəti tariximizin ən möhtəşəm səhifələrini təşkil edir. Əbəs yerə Qarabağı, xüsusən də Şuşanı “Qafqazın konservatoriyası” adlandırmırlar. Neçə-neçə ustad sənətkarlar məhz bu şəhərin yetirməsidir. Çünki oranın havası, suyu sənətkarlara istedadları ilə bərabər, həm də bir yaradıcılıq məlhəmi, ilhamıdır. Bu mənada Şuşa xalqımız, mədəniyyətimiz üçün müqəddəs bir diyardır. Bu ilin möhtərəm Prezidentimiz tərəfindən “Şuşa İli” elan olunması sanki Şuşaya olan sevgimizi birə-beş artırdı. Əlamətdar il qəlbimizin sarı simini titrətdi və hər kəs çalışır ki, Şuşaya olan məhəbbətini bir cür ifadə etsin. Şuşa sevgilərini öz əsərləri, əməlləri, yaradıcılıqları ilə əbədiləşdirsin. Bu mənada mən də bir musiqişünas olaraq “Şuşa musiqidə” adlı kitab üzərində işləyirəm. Bir neçə bölmədən ibarət kitabda Şuşa haqqında yazılan musiqi əsərlərinə də yer vermişəm.
Ötən əsrdə yaranan nümunələr sırasında görkəmli şuşalı bəstəkarlar – Xalq artistləri Əşrəf Abbasovun “Şuşa” simfonik poemasını, Süleyman Ələsgərovun Şıxəli Qurbanovun sözlərinə yazdığı “Gözəl Şuşa”, bəstəkar, Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın “Şuşanın yolları” mahnılarını qeyd edə bilərik. Təbii ki, ölməz Xan Şuşinskinin “Şuşanın dağları” mahnısının xüsusi yeri var...”.
***
Mövzu ilə bağlı araşdırma apararkən görkəmli bəstəkarlarımızın ayrıca Şuşa haqqında olmasa da, Qarabağ mövzulu mahnılarında Şuşanın əsas yer tutduğunu da görürük. Xalq artisti Cahangir Cahangirovun Rəfiq Zəkanın sözlərinə yazdığı “Qarabağ” mahnısında leytmotiv Şuşadır.
Siyahını Xalq artisti Səid Rüstəmovun “Şuşa haqqında nəğmə”, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun “Şuşa” mahnıları ilə davam etdirmək olar. Təbii ki, bu mahnıların hər biri Qarabağın, Şuşanın çal-çağırlı günlərində yaranmışdı.
Zaman gəldi və bədxah qonşularımız Şuşamıza göz dikdilər, onu bizdən qoparmağa çalışdılar. Ötən bu ağır müddət – yəni Şuşanın işğal altında olduğu dövrdə bu həsrətin ağırlığı bəstəkarlarımızın da yaradıcılığına sirayət etdi və bir sıra kövrək sənət nümunələri ərsəyə gəldi. Bu mənada simfonik muğam və poemaları, oratoriyaları qeyd edə bilərik. Bu əsərlərdə Şuşa nisgili ilə yanaşı, o torpaqlara qayıtmaq inamı da öz əksini tapırdı.
Şuşalı bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası bu qəbildən nümunələr arasında xüsusi əhəmiyyətə malikdir. Müəllif oratoriyanın bir hissəsini doğma Şuşasına həsr edib. Ömrünü Şuşa həsrəti ilə başa vuran Vasif Adıgözəlovun “Natəvan” operasında da Qarabağ, Şuşa ana xətt olaraq keçir.
Şuşa həsrətli nümunələr arasında Süleyman Ələsgərovun Zəlimxan Yaqubun sözlərinə yazdığı “Bu gecə yuxuma girmişdi Şuşam” əsəri dərin hüzn və həsrət yükü ilə xüsusilə seçilir. Eyni ovqata köklənən mahnılar sırasında uzun illər qəlbimizin Şuşa ağrısına layla çalan, onu ovutmağa çalışan “Şuşam laylay” mahnısı da var. Xalq artisti Azər Dadaşovun fleyta və fortepiano üçün “Şuşam” əsərini də bu sıraya daxil edə bilərik.
Xalq artisti Sevda İbrahimova “Sənin üçün darıxıram, Şuşa” adlı əsərini babası, görkəmli tarzən, Xalq artisti Qurban Pirimova həsr etsə də, nüvəsində tarixi şəhərə sevgi etirafı var.
Əməkdar incəsənət xadimi Cəlal Abbasovun da yaradıcılığında Şuşa mövzusu öz əksini tapıb. Bu da təsadüfi deyil. O, Şuşa mühitində doğulub, boya-başa çatan görkəmli bəstəkar Əşrəf Abbasovun övladıdır. Otuzillik Şuşa, Qarabağ həsrəti onun yaradıcılığına təsirsiz ötüşməyib. Məhz bu nisgil bəstəkarın “Səni bir daha görə bilsəydim” adlı simfoniyasında qabarıq şəkildə ifadə olunub. Bəstəkar bu əsəri atasının xatirəsinə ithaf etməklə onun da narahat ruhunu musiqi dilində nəzmə çəkib. 1998-ci ildə yazılan bu əsərə sonra digər hissələr də əlavə olunaraq “Qarabağ trilogiyası” yaranıb. Trilogiyanın II hissəsi – “İn memoriam...” rekviyemi Şuşa şəhərinin müdafiəsində qəhrəmancasına şəhid olmuş tankçı Albert Aqarunova, Qarabağ müharibəsinin şəhidlərinə ithaf edilib. III hissə – “Şanlı Azərbaycan” odası Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəmizə ithafdır.
Məşhur bəstəkarımız, Xalq artisti Firəngiz Əlizadənin də yaradıcılığında Qarabağ, Şuşa mövzusu özünə yer tapıb. Onun “İntizar” operasında Qarabağ, Şuşa həsrəti duyulur. Müəllifin violonçel və simfonik orkestr üçün “Mərsiyə” adlı konserti də var. Əsər Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf olunub.
Həmçinin Xalq artisti Ramiz Mustafayevin oratoriyalarında Qarabağ, Şuşa motivləri var.
Düzdür, sadaladığım əsərlərin bir qismi geniş ictimaiyyətə tanış olmasa da, hər halda peşəkar bəstəkarların yaradıcılıq tərcümeyi-hallarında öz əksini tapırlar.
Ümumiyyətlə, klassik, irihəcmli musiqi əsərlərinin kütləvi populyarlığı daim problem kimi qaldığından bir sıra bəstəkarlar mahnı janrına üstünlük veriblər və kifayət qədər nümunələr yaranıb.
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də Şuşasızlığın gətirdiyi nisgili nota köçürüb. Bəstəkarın “Darıxıram, Şuşam mənim” adlı mahnısının sözləri Telman Qarayevə məxsusdur. Şuşaya həsrət, ona qayıtmaq eşqi mahnıda qəribə bir hüzn və inamla ifadə olunub.
Geniş dinləyici auditoriyasına yaxşı tanış olan mahnılardan Xalq artisti Tünzalə Ağayevanın Səməd Vurğunun sözlərinə yazdığı və özünün ifa etdiyi “Şuşa haqqında ballada”nı qeyd etmək olar. Bəstəkar-müğənni Rəsul Rzanın sözlərinə “Şuşa laylası” mahnısını da yazıb.
***
Nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə Şuşanın da səmasını alan qara buludlar çəkildi və günəş bütün səxavəti ilə al şəfəqlərini qədim şəhərin üzərinə “sərdi”. Şuşanın əsarətdən qurtuluşu ilə nisgil yerini sevinc və səadətə verdi. Bu ruh, bu sevgi bütün yaradıcı insanlar kimi, musiqi xadimlərinə də ilham mənbəyi oldu. Xüsusən 2022-ci ilin “Şuşa İli” elan olunmasından sonra bu mövzuda yeni musiqi əsərləri yazmaq həvəsləri artdı və yəqin ki, ilin sonunadək reallaşacaq silsilə hesabat konsertlərində bizlər də bu nümunələrin dinləyicisi olacağıq. Beləcə, Şuşada ən böyük əsəri – Zəfər dastanını yazan müzəffər Ordumuzun şücaətinin və Ali Baş Komandanın siyasi iradəsinin musiqidə təsvirini görəcəyik.
Ümumilikdə 44 günlük Vətən savaşımız, tarixi Qələbəmizdən sonrakı dövrdə Şuşa, Qarabağ mövzulu nümunələr yarandı. Doğrudur, onların böyük əksəriyyəti daha çox mahnı janrında, onun nisbətən populyar qolları olan estrada üslubunda olsa da, hər halda emosional duyğuların ifadəsi baxımından diqqəti cəlb edənləri də az deyildi. Bu sırada Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın “Şuşam mənim”, Əməkdar incəsənət xadimi Nadir Əzimovun bəstələdiyi və Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Qarabağ – Şuşa” mahnıları da var.
Tarixi Qələbəmizdən sonra təqdim olunan mahnılardan biri də “Mənim ürəyim Şuşa” adlı musiqi kompozisiyasıdır. Layihə Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşıb. Kompozisiyanın müəllifi xaricdə yaşayan həmyerlimiz Anar Bramodur. Sözləri Çexiyada yaşayan azərbaycanlı tanınmış şairə Leyla Bəyimə məxsus olan mahnı tanınmış müğənnilərimiz tərəfindən Azərbaycan, rus və ingilis dillərində hazırlanaraq məşhur musiqi platformalarında yayılıb.
Layihənin davamı olaraq “Şuşa Vətənə qayıdır” (“Шуша возвращается домой”) mahnısı da ərsəyə gətirilərək musiqi ictimaiyyətinə təqdim edilib. Əməkdar artist Xumar Qədimovanın Rəşad Məcidin sözlərinə yazıb ifa etdiyi “Şuşa” mahnısı şanlı Zəfərimizdən sonra ərsəyə gələn nümunələrdəndir.
Ümumiyyətlə, mövzu ilə bağlı “Youtube” platformasında və digər musiqi kanallarında axtarış verərkən neçə-neçə musiqi nömrələri ilə rastlaşdım və demək olar ki, əksəriyyətini dinlədim. Amma təəssüf ki, onların bir qismi istənilən səviyyədə deyil. Doğrudur, hər birində Qarabağ, Şuşa, Vətən, Qələbə sevinci var...
Məşhur rus şairi Sergey Yesenin məktublarının birində şuşalıların gözəl səsə malik olmalarına işarə edərək “Əgər biri oxumağı bacarmırsa, deməli, şuşalı deyil” deyə yazırdı. Şuşa vüsalımız, ona olan sevgimiz, əslində, bu gün hamımızı şuşalı etsə də, düşünürəm ki, nazlı gözəl Şuşanı yalnız ona layiq vəsf edib, onun ruhuna toxunan avazda əzizləməliyik...
Həmidə Nizamiqızı