İyunun 16-da ADA Universitetində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib.

Tədbirin aparıcısı Tofiq Həsənsoy bəstəkarın həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, Rauf Hacıyev zəngin yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlərin, o cümlədən simfoniya, oratoriya və kantataların müəllifi olan bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində ərsəyə gətirdiyi vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb.

Bəstəkarın yaradıcılığının ilk illərindən danışan aparıcı onun “Vətən” kinoteatrının estrada-caz orkestrinə rəhbərlik etməsi və bu kollektivin fəaliyyəti, eləcə də Rauf Hacıyevin qurucusu olduğu Azərbaycan Dövlət Estrada Orkestri haqqında maraqlı faktları diqqətə çatdırıb.

Vurğulanıb ki, bəstəkar mədəniyyət naziri işlədiyi dövrdə musiqi kollektivlərinin fəaliyyətinə dəstək göstərib. Onlardan biri “Qaya” kvarteti idi. Azərbaycan Dövlət Estrada Orkestrinin tərkibində ilk addımlarını atan bu kvartet o zaman caz ifa edər, “Bakı vokal kvarteti” adlanardı. 1966-cı ildə Rauf Hacıyevin dəstəyi ilə Moskvada Ümumittifaq estrada müsabiqəsində qələbədən sonra bu kvartet “Qaya” adlandırılıb və müstəqil fəaliyyət göstərməyə başlayıb.

Tədbirdə Rauf Hacıyevin fəaliyyəti və orkestrlə bağlı maraqlı fotolar, bəstəkarın nadir lent yazısı təqdim edilib. Lent yazısında bəstəkarın 1962-ci ildə Moskvada olduğu zaman qısa danışığı yer alıb. Eyni zamanda, R.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrinin ifasında instrumental kompozisiya təqdim olunub.

Tamaşaçılara Rauf Hacıyevin görkəmli müğənnilər Rəşid Behbudovla, Mirzə Babayevlə əməkdaşlığı haqqında da məlumat verilib, mahnılar səsləndirilib. “Sevgilim”, “Bakı haqqında mahnı”, “Azərbaycanım”, “Leyla”, “Çiçək kimi”, “Müştəri, gəl”, “Əsmə, külək”, “Saçlarına gül düzüm” mahnıları qonaqlara xoş anlar bəxş edib.

Tədbirdə Rauf Hacıyevin bəstəkarı olduğu filmlər haqqında da söz açılıb. “Qaraca qız”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Romeo mənim qonşumdur”, “Qara daşlar”, “Əhməd haradadır?” filmlərindən mahnılar audiovizual formada təqdim olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə bəstəkarın Azərbaycan musiqi sənətinə töhfələrindən danışıb.

Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyevin yaradıcılığını yüksək qiymətləndirən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev vurğulayıb ki, bəstəkarın əsərləri insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edir.

Konsertdə incəsənət xadimləri Rauf Hacıyevin əsərlərini ifa ediblər.

Bəstəkarın ailə üzvləri adından çıxış edən nəvəsi, saksofon ifaçısı İradə Abbaslı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.