Məqsəd mədəni irs sahəsində qurumlar arasında əməkdaşlığı və təcrübə mübadiləsini stimullaşdırmaqdır
Xəbər verdiyimiz kimi, iyunun 13-dən 17-dək UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda treninq keçirilib.
Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə gerçəkləşib.
Təlimin sonuncu günündə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edib. Direktor UNESCO-nun Dünya irsi siyahısında yer alan Qobustan abidələrinin qorunması, ərazidə aparılan elmi tədqiqat və arxeologiya işləri və qoruq tərəfindən icra edilən təbliğat-maarifləndirmə işləri haqqında məlumat verib. O, həmçinin qoruğun beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və sərgi ekspozisiyalarının təşkili sahəsində təcrübələrini bölüşüb, iqlim təsirlərinin açıq səma altında muzey kimi qorunan qayalara təsirləri, bərpa-konservasiya təcrübələri haqqında verilən sualları cavablandırıb.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi layihələrin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi, mədəni turizm üzrə ekspert Elçin Kərimov 2019-cu ildə Dünya irsi siyahısına salınan Şəki şəhərinin tarixi mərkəzi kimi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun idarəetmə təcrübəsi, menecment, konservasiya, urban regenerasiya və risk menecment planlarının hazırlanması və işlənməsi mərhələləri, bərpa təlimatları haqqında təqdimatla çıxış edib. Təqdimatda qoruq ərazisində milli irs nümunələrinin, sənətkarlıq, adət-ənənələrin, meşə örtüyünün dünya irsi ərazisinin yardımçı atributları kimi imkanlarından və onların mühafizə tədbirlərindən bəhs edilib.
Təlim prosesində interaktiv metodları istifadə edilməklə iştirakçılara konkret keyslər ətrafında müzakirə aparmaq, təlim prosesində qaranlıq məqamlarla bağlı suallar vermək imkanı yaradılıb.
Təlim sessiyasından sonra proqramın rəhbəri – Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri Vasif Eyvazzadə ölkəmizin irs idarəetməsində aparıcı qurumların nümayəndələrini ilk dəfə olaraq vahid təlim proqramında bir araya gətirən layihənin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, gündəlik təlim sessiyalarında təqdim olunan mövzular, qaldırılan məsələlər ətrafında auditoriyanın həssaslığı, ünvanlanan çoxsaylı suallar irs idarəetməsi sahəsində müasir çağırışlar fonunda yeni qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini önə çıxarıb.
Vasif Eyvazzadə təlim günlərində iştirakçılar tərəfindən qaldırılan məsələlərdən bəhs edərək ölkəmizdə irsin qorunması və idarəedilməsi sahəsində çoxsaylı suallar və çətinliklərin olduğunu, eləcə də təlim proqramı iştirakçılarının motivasiyasını nəzərə alaraq yeni bir ictimai platformaya ehtiyac olduğunu bildirib və “Milli İrs Şəbəkəsi” (“Heritage Azerbaijan” platforması) ideyasını təqdim edib.
Vurğulanıb ki, ictimai platformanın məqsədi mədəni irs sahəsində müasir çağırışlar fonunda qurumlararası əməkdaşlığın və təcrübə mübadiləsinin stimullaşdırılması, maarifləndirmə işinin təşkili və məlumatların geniş auditoriyaya çatdırılması üçün təbliğat kampaniyalarının həyata keçirilməsi, bilik-bacarıqların artırılması, dövlət-özəl, dövlət-icma, özəl-icma əməkdaşlığının təşviqi, mədəni irsin qorunması, bərpası və inkişafında icma mədəniyyətinin inkişafı kimi aktual məsələləri əhatə edəcək.
Yekunda təlim iştirakçılarına sertifikatlar verilib. Proqramın ekspert təlimçiləri və təşkilatçılarına təşəkkürnamələr təqdim olunub.