Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Xalq rəssamları Arif Hüseynovun və Siruz Mirzəzadənin “Azərbaycan aşıq sənəti” adlı tematik sərgisi açılıb.
Tədbirdə çıxış edənlər aşıq sənətinin rəssamların əsərlərində əks olunmasından danışıblar. Bildirilib ki, Arif Hüseynovun və Siruz Mirzəzadənin əsərlərində xalqımızın qopuzlu dünyasına müraciət davamlı və daha əhatəlidir. Özündə ənənə ilə müasirliyi qovuşduran bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhu rəssamların Vətənimizə, onun əvəzolunmaz mənəvi dəyəri olan saza, aşıq sənətinə sonsuz sevgi və ehtiramını göstərir.
Sonra Nizami adına Mədəniyyət evində Azərbaycan Televiziyası “Telefilm” Yaradıcılıq Birliyinin istehsalı olan aşıq Mikayıl Azaflıya (1924-1990) həsr edilən “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi ilə nümayiş olunan ekran əsərində M.Azaflının keşməkeşli ömür yolu işıqlandırılıb. Quruluşçu rejissoru Elnurə Kazımova olan filmin çəkilişləri Tovuz rayonunda, Əsrik çayının sahillərində, aşığın ana yurdu Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.