Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) anadan olmasının 125 illiyi münasibətilə Tbilisidəki büstü ziyarət olunub.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşları, jurnalistlər Bülbülün Tbilisinin mərkəzində, Qorqosali küçəsindəki parkda ucaldılmış abidə önünə gül dəstələri düzüblər.

Səfirlik əməkdaşları Bülbülün həyat və fəaliyyətindən söz açıblar. Bildirilib ki, sənətkar Azərbaycanda professional vokal ifaçılığının əsasını qoyub. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları (“Sənsiz”, “Sevgili canan”, “Süsən sünbül”, “Yaxan düymələ”, ”Xumar oldum” və s.) bu gündə sevilə-sevilə dinlənilir.

Qeyd edək ki, Bülbülün büstü Tbilisidə 2015-ci ildə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin qarşısındakı parkda ucaldılıb. Abidənin müəllifi gürcü heykəltəraş Georgi Caparidzedir.