İyunun 22-də Azərbaycan Yazıçılar Birliyində (AYB) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bir qrup iştirakçısına Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un xatirə medalları təqdim edilib. Festival 26-28 may tarixlərində Bakı Dövlət Universitetində gerçəkləşib.

Mərasim çərçivəsində festivalın təşkilində köməklik göstərən ASAN könüllülərinə iştirakçı sertifikatları da təqdim edilib.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza festivala türk dünyasının tanınmış yazarlarının qatıldığını deyib. Bildirib ki, növbəti festivalın Türkiyədə keçirilməsi planlaşdırılır.

AYB-nin sədri, Xalq yazıçısı Anar ilk dəfə keçirilən Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətini vurğulayıb. Sədr festivalın təşkilatçısı Xəyal Rzaya türk dünyası ədəbiyyatları arasında əlaqələrin təşviqində xidmətlərinə görə “Bəxtiyar Vahabzadə” diplomunu təqdim edib.

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-nin sədrinin müavini Rəşad Məcid TÜRKSOY-un 2017-ci ildə təsis etdiyi “Molla Pənah Vaqif” medalı, yazıçılar Elçin Hüseynbəyli, Yunus Oğuz 2017-ci ildə təsis edilən “Çingiz Aytmatov” medalı ilə təltif olunublar.

“Aşıq Pəri Məclisi”nin sədri Pərvanə Zəngəzurlu, məclisin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı TÜRKSOY-un 2019-ci ildə təsis etdiyi “Aşıq Veysəl” medalı ilə təltif olunublar.

Asəf Zeynallı adına Musiqi Kolleci və Bakı Xoreoqrafiya Akademiyasının könüllüləri festivalda fəal iştirakına görə sertifikatlarla təltif olunublar.