Gəncə RMİ Goranboy Rayon Dövlət Rəsm Qalereyası və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyi ilə əlaqədar tədbir keçirilib. Qalereyanın direktoru Çinarə Abdullazadə, Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın əməkdaşları çıxış edərək şairin həyat və yaradıcılığından danışıblar.

***

Lənkəran RMİ Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi şagirdlərinin iştirakı ilə təbiət qoynunda sərgi-plener keçirilib. Şagirdlər günəş işığı və atmosferin təsiri ilə əmələ gələn əsrarəngiz rəng palitrasını tablolarında əks etdiriblər. Plenerin məqsədi uşaqların yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, bədii zövqünü inkişaf etdirmək, Azərbaycan təbiətini tərənnüm etməkdir. Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov rəssamlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

***

Bərdə RMİ-nin təşkilatçılığı ilə Bərdə rayon Heydər Əliyev adına parkbulvar kompleksində yaradıcı gənclərin yerli şairlər Nadir Qədimli, Nofəl Sadiq, Bəxtiyar Akifoğlu, Aqşin Hacızadə ilə görüşü keçirilib. Tədbirdə yaradıcı gənclərin hazırladıqları əl işləri, rəsm əsərləri nümayiş olunub, “Qarabağ” rəqs qrupu və gənc ifaçıların musiqi nömrələri maraqla qarşılanıb.

***

Ağdaş RMİ Habil Əliyev adına 1 nömrəli Ağdaş şəhər Musiqi məktəbində ömrünün böyük bir hissəsini bu təhsil ocağına və onun idarəçiliyinə sərf edən Tənzilə Şıxıyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş RMİ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə yubilyarın ömür yoluna və fəaliyyətinə nəzər salınıb. Sonda çıxış edən Tənzilə Şıxıyeva göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

***

Ağdaş RMİ-nin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzi və Həsən bəy Zərdabi Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan maarifinin yorulmaz carçısı” mövzusunda tədbir keçirilib. Muzeyin direktoru Vəfa Bayramova, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova görkəmli təbiətşünas alim və maarifçi H.Zərdabinin (1842-1907) həyat və fəaliyyəti haqqında söz açıblar. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatın əsasının qoyulduğu vurğulanıb. Mərkəzin əməkdaşı Xanım İmanova “Azərbaycan maarifinin yorulmaz carçısı”, Həsən bəy Zərdabi Muzeyinin fond mühafizi Leyla Əliyeva “Tarixlər yazan dahi” mövzularında məruzə ediblər.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbi Fortepiano şöbəsinin konserti keçirilib.

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi məktəblilərin yay tətilini maraqlı etmək məqsədilə ekskursiya layihəsi həyata keçirir. Layihə çərçivəsində ilk ziyarətçilər muzeydə olublar. Muzeyin bələdçisi tərəfindən uşaqlara və valideynlərə Oğuzun tarixi və muzeydə qorunan eksponatlar haqqında bilgi verilib.

Balakən rayon İtitala kənd Folklor evində “Tariximizdə iz qoyan abidələr” mövzusunda dəyirmi masa keçirilib.