26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Əlamətdar gün münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində tədbirlər keçirilib, Azərbaycan xalqına əbədi Zəfər ruhu bəxş edən, əzəli torpaqlarımızı yağıdan qurtaran Ordumuzun qəhrəmanlığından söz açılıb.
Bərdə RMİ Bərdə Dövlət Rəsm Qalereyasında “Müzəffər Ordumuz” adlı tədbir təşkil edilib. İdarənin rəisi Vəsilə Möhsümova deyib ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edib, əsgər və zabitlərimiz qəhrəmanlıq dastanı yaradıblar. Çıxış edən hərbçilər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbə barədə danışıblar. Sonra konsert proqramı təqdim olunub. Bir qrup hərbi qulluqçu mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə regional idarənin fəxri fərmanı ilə təltif edilib.
Regional idarənin rəisi və mədəniyyət işçiləri Yevlax şəhərindən olan Vətən müharibəsi şəhidi Sadiq Əsgərovun ailəsinə baş çəkiblər.
Ağcabədi RMİ-nin əhatə etdiyi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində 5 saylı kitabxana, rayon Gənclər və İdman İdarəsi, YAP rayon təşkilatının iştirakı ilə “Yaşasın qalib Azərbaycan Ordusu!” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi Zəfərdən danışıblar. Məktəblilər Vətənə və Ordumuza həsr olunan şeirlər söyləyib, əsgərlərimizə yazdıqları təbrik məktublarını oxuyublar.
***
Gəncə RMİ Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Tarix yazan Ordum” adlı şeir saatı keçirib. Tədbiri açan Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova Azərbaycan Silahlı Qüvvələr Gününün yaranma tarixindən, Ordumuzun 44 günlük Zəfər salnaməsindən bəhs edib. 2 saylı şəhər tam orta məktəbinin şagirdləri “Sən qürurumuzsan, əsgər!” şeirini səsləndiriblər.
***
İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevil Əhmədova, RMİ-nin rəisi Elçin Nəcəfov iştirak ediblər. Tədbirdə “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.
***
Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Orxan Rəhimlinin anım mərasimi keçirilib. Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haqverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verilib, Mədəniyyət Mərkəzinin hazırladığı musiqili-ədəbi kompozisiya maraqla qarşılanıb.
***
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Vətənpərvər olaq!” adlı tədbir keçirilib. Mərkəzin direktoru Rəna Hacızadə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ordumuzun Zəfər yolundan danışıb.
***
Biləsuvar RMİ Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü münasibətilə “Ordum varsa, yurdum var” adlı görüş keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun atası, keçmiş hərbçi Əliş Şirinov, Salyan rayon 8 saylı tam orta məktəbin hərbi rəhbəri, qazi Zamiq Əsgərov və hərbi çağırışa hazırlaşan gənclər iştirak ediblər.