Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab – “Aşıq təcnisləri” antologiyası işıq üzü görüb. Antologiya ilkin cinaslı nümunələrdən günümüzə qədər aşıq yaradıcılığından örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi söz ustadlarının, eləcə də XX yüzilliyin aşıq və təcnisə meyil göstərən qələm sahiblərinin yaradıcılığından nümunələri əhatə edir.
Kitabda 120-dən çox müəllifin otuza yaxın təcnis çeşidini əhatələyən beş yüzə qədər örnək yer alıb. Qeyd etmək lazımdır ki, zəngin cinas örnəkləri və biçimlərini əhatələyən belə poetik nümunələr indiyə qədər toplu səviyyəsində bir yerə yığılıb antologiya kimi çap olunmayıb. “Aşıq təcnisləri” bu sahədə ilk təşəbbüs və ilk uğurlu addımdır.
Sənət meydanında söz yükünün möhtəşəmliyini əhatələyən bu örnəklər xalqın dil zənginliyinin əvəzsiz göstəricisi olaraq da böyük əhəmiyyət kəsb edir. Belə bir zəngin xəzinənin bir araya gətirilərək antologiya səviyyəsində gələcək nəsillərə çatdırmaq uzun illər aşıqşünasların qarşısında ümdə məsələlərdən biri olub.
Kitabın elmi məsləhətçisi və nəşrə hazırlayanlardan biri, Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, mürəkkəb məzmun və forma zənginliyi ilə səciyyələnən təcnislər bu adla sənət aləmində tanınacaq “təcnis ustadları”nı formalaşdırıb: “Azərbaycan aşıq poeziyasının və saz havalarının içərisində poetik dolğunluğu və melodik təkrarsızlığı ilə seçilən “təcnis” şeir biçimi və “Təcnis” saz havası həm onun yaradıcı və ifaçısının, həm də dinləyici və oxucusunun yüksək səviyyədə duyğu, düşüncə və qavrayış həssaslığına malik olmasını tələb edir... Mənsub olduğu xalqın dilinə dərindən bələd olmadıqda, ayrı-ayrı söz, deyim və ibarələrin üslubi incəliklərinin ilk baxışdan sezilməyən alt qatlarına baş vura bilmədikdə təcnis sənətkarlığının ecazlarını nümayiş etdirmək mümkün deyil. Ustad aşıqlarımız, saz şairlərimiz məhz sözügedən poetik-üslubi gözəllikləri kəşf edib ortaya çıxarmaqla öz istedadları gücünə ağıl və könül qüdrətlərini ortaya qoyublar”.
Bu baxımdan ilk dəfə işıq üzü görən antologiya saz-söz sənətinə yeni gələn gənclər üçün aşıq təcnisləri ilə bağlı üz tuta biləcəkləri etibarlı mənbə olmaqla yanaşı, eyni zamanda folklorşünas tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün də qiymətli vəsaitdir.
1000 tirajla çap olunmuş “Aşıq təcnisləri” antologiyasını professorlar Məhərrəm Qasımlı, Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli hazırlayıblar. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.