İyunun 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabının təqdimatı olub.

Kitabda vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığı tutarlı faktlarla təhlil və ifşa olunub.

Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli bildirib ki, artıq 39 ildir Azərbaycan xalq rəqsləri ilə, rəqsin bütün janrlarının toplanması ilə məşğuldur. Bildirib ki, əsasən Naxçıvan bölgəsi ilə bağlı olan yallı tarixən İrəvan, Kəlbəcər, Laçın, Qarabağın bölgələri, eyni zamanda, Şəki zonasında da yayılıb. Kitabda Qərbi Azərbaycanın 43 yallı havası toplanıb. Bunun təqribən 20-sini ermənilər dəyişdirib, öz rəqsləri kimi təqdim ediblər.

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov kitabın ictimai əhəmiyyətindən danışıb: “Biz baxırıq ki, ermənilər tərəfindən xarici ölkələrdə Azərbaycan yallıları ifa olunur. İstəyimiz odur ki, bu rəqslər Azərbaycan mədəniyyəti kimi təqdim olunsun. Qarşıya qoyduğumuz məqsəd odur ki, kitabı xarici dillərə çevirib onun yayılmasına başlayaq və kitabda göstərilən 43 yallıdan ibarət konsert proqramı təşkil edək”.

Kitabın rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bildirib ki, 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitsə də, tarix, mədəniyyət, musiqi müstəvisində mübarizəmiz davam edir.

Sonra bəstəkar Elnarə Dadaşova, Xalq artisti Ramiz Quliyev çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli kitaba ön söz yazıb.