İyunun 23-də Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi sərgisi işə başlayıb. “Baku Crystal Hall”da keçirilən sərginin açılış mərasimində çıxış edən “Aktüel expo”nun İdarə Heyətinin sədri Mehmet Okan Kaya bildirdi ki, 2017-2019-cu illərdə Türkiyədə təşkil edilən HESTOUREX sərgisi pandemiya ilə bağlı ikiillik fasilədən sonra bu dəfə Bakıda dünyanın sağlamlıq turizmi təmsilçilərini bir araya gətirib.

 Azərbaycanın zəngin termal turizm qaynaqlarına sahib olduğunu deyən çıxışçı bunun Türkiyədə və dünyada tanıdılması baxımdan da HESTOUREX sərgisinin əhəmiyyətini diqqətə çatdırıb.

Türkiyə Özəl Xəstəxanalar və Səhiyyə Təşkilatları Dərnəyinin başqanı Raşat Bahat vurğulayıb ki, pandemiya dünyada insan sağlamlığından önəmli heç nə olmadığını bir daha sübut etdi. Onun sözlərinə görə, Türkiyə sağlıq turizmi sahəsində göstərdiyi xidmətin səviyyəsinə görə dünyada ikinci yeri tutur: “Türkiyədə 567 özəl xəstəxana, yüksək səviyyəli xidmət təklif edən minlərlə hotelləri və istirahət mərkəzləri, dünyanın hər yerinə uçuş həyata keçirən hava yolları şirkəti var. Öz təcrübəmizi məmnuniyyətlə “Bir millət-iki dövlət” olan qardaş Azərbaycanın turizm sektoru təmsilçiləri ilə bölüşməyə hazırıq və bu gün bu məqsədlə buradayıq”.

Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımzadə Azərbaycanın zəngin termal turizm imkanlarının olduğunu, xüsusilə işğaldan azad edilmiş bölgələrdəki potensialın tanıdılması üçün işlər görüldüyünü diqqətə çatdırıb.  

Türkiyə Xidmət İcracatçıları Birliyinin baş katibi Fatih Özer, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Əbil Ağasıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və başqaları Azərbaycanla Türkiyə arasında xüsusilə sağlıq turizmi əlaqələrinin daha da genişlənməsində sərginin mühüm rol oynayacağını qeyd ediblər.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənən  4-cü HESTOUREX sərgisində dünyanın 60-dan çox ölkəsi təmsil olunur. Sərgi iyunun 26-dək qədər davam edəcək.