Diplomatik əlaqələrin 30 illiyinə həsr olunan sərgi

 

Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə” adlı sərgi təşkil edilib. İyunun 22-də açılan sərgi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının (29 may) 30 illiyinə həsr olunub.

Tədbirdə rayonun icra başçısı Elşad Həsənov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev, Türkiyə səfiri Cahit Bağcı, Gürcüstan səfiri Zurab Pataradze, Əfqanıstan səfiri Amanullah Ceyhun, Meksika səfiri Xuan Flores və başqa qonaqlar iştirak ediblər.

Qonaqlar mərkəzdə ümummilli liderin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış olublar.

Mərkəzin direktoru Naminə Ömərova qonaqları və rəssamları salamlayıb. Tacikistan səfiri Rustam Soliyev bildirib ki, bu cür mədəniyyət tədbirləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət edir. 

Sərgi layihəsinin rəhbəri və təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar nümayiş etdirilən rəsmlər barədə məlumat veriblər. Bildirilib ki, sərgidə 70 rəssamın 70 əsəri nümayiş olunur. Əsərlərdə Tacikistanın təbiət mənzərələri, mətbəxi, adət-ənənələri əks etdirilib.

Sonda rəssamlar diplomlarla təltif olunublar.

Lalə