İyunun 29-da Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açılacaq.
Muzeydən bildirilib ki, həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən Xalidə Nəsirovanın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunacaq. Sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdiriləcək.
Qurama sənətini müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən az sayda sənətkarlardan olan Xalidə Nəsirovanın əl işlərinin əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.
“Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər quramalarda müəllifin bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovanın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.
Sənətkarın Milli Xalça Muzeyində sərgisi sentyabrın 10-dək davam edəcək. Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.