Silahlı Qüvvələr Günü Zəfər ruhu ilə qeyd olundu

 

26 İyun – Silahlı Qüvvələr Günü bu il yenə qalibiyyətə ruhu ilə rövnəqləndi. Artıq ikinci ildir xalqımız bu günü xüsusi coşqu ilə qeyd edir. Ərazi bütövlüyümüzü bərpa edən, xalqımıza əbədi Zəfər qüruru yaşadan Azərbaycan Ordusu iftixar mənbəyimizdir. Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə Ordumuzun bayramı münasibətilə müxtəlif tədbirlər keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə N saylı hərbi hissədə “Salam, əsgər!” adlı tədbir keçirilib. Rayon ictimaiyyətinin, şəhid ailələri üzvlərinin iştirak etdiyi tədbirdə incəsənət ustalarının ifasında vətənsevərlik ruhlu musiqilər səsləndirilib.

RMİ-nin Beyləqan rayon nümayəndəliyi N saylı hərbi hissədə “Qalib xalqın müzəffər Ordusu” adlı tədbir keçirib. İncəsənət ustalarının ifasında səslənən musiqilər hərbçilərin könlünü oxşayıb.

***

Sumqayıt RMİ-nin tabeliyindəki Xızı rayon Uşaq musiqi məktəbi tərəfindən N saylı hərbi hissədə “Vətənin özəyidir vüqarlı Azərbaycan əsgəri” adlı bayram tədbiri təşkil edilib. Məktəbin müəllimlərindən ibarət “Xızı dağları” ansamblı və müğənnilərin ifasında vətənpərvər mahnılar, təbrik çıxışları əsgərlər tərəfindən maraqla və alqışlarla qarşılanıb.

Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Ordum varsa, yurdum var!” adlı musiqili gecə keçirilib. Tədbirdə rəsm kursu üzvlərinin əl işləri sərgilənib. Musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib. Mədəniyyət Mərkəzi Yaşmada yerləşən N saylı hərbi hissədə “Vətən mənə oğul deyir” adlı bayram konserti keçirib. Mədəniyyət evinin əməkdaşları – müğənnilər Zaur Yusifli, Elvin Məmmədli, Əlipaşa Paşayev, Əvəz Səlimov, “Veteranlar” xalq xoru vətənpərvər ruhlu mahnılar, Sveta Aslanova isə hind mahnısı ilə hərbçilər qarşısında çıxış ediblər. Mədəniyyət evinin rəhbəri və kollektivin üzvləri hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Biz əsgəriz, həqiqətə qurbanız” adlı poeziya saatı keçirilib.

***

Fövqəlada Hallar Nazirliyinin (FHN) Mülkü Müdafiə Qoşunlarının Lənkəranda yerləşən N saylı hərbi hissəsində Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı təşkil edilib. Tədbirdə FHN-nin hərbi hissəsinin komandiri, polkovnik Taleh Əlipaşayev, Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Bayram tədbirində  şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub. Sonda hərbi hissənin komandiri tərəfindən mədəniyyət işçiləri fəxri fərmanla təltif ediliblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi ilə birgə “Vətən varlığımdır, Vətən kimliyim” başlıqlı ədəbi-bədii gecə keçiriblər. Çıxışlardan sonra rəngarəng musiqilərdən ibarət konsert proqramı təqdim olunub.

MKS-nin 15 saylı kitabxana filialı isə “Vətən əsgəri” başlığı altında ədəbi-bədii kompozisiya keçirib. Filialın müdir əvəzi Şəhla İlyasova çıxış edərək Ordumuzun yaranma tarixindən bəhs edib.

***

Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı, Sabirabad RMİ və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabaddakı N saylı hərbi hissədə bayram konserti keçirilib. Təşkilatçı qurumların və digər qonaqların çıxılarından sonra rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış musiqi nömrələri səsləndirilib. Mərkəzin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrı tərəfindən “Bura Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyi “Mənə ordu gərəkdir sarsılmaz cahan kimi” adlı tədbir təşkil edib. Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından söz açılıb. Sonda konsert proqramı təqdim olunub.

Sabirabad RMİ-nin təşəbbüsü ilə həyata keçirilən “Həftənin kitabı” layihəsi çərçivəsində Şirvan şəhər MKS-nin Uşaq şöbəsi tərəfindən İlqar Məmmədağaoğlunun “Qəhrəman Mübariz, şəhid Mübariz” adlı kitabı bu həftənin kitabı seçilib. Kitab Milli Qəhrəman Mübariz İbrahimov haqqındadır.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzində “Azərbaycan Ordusu dövlətin dayağıdır” mövzusunda bayram konserti keçirilib. Konsertdə Mədəniyyət Mərkəzinin “Səbuhi” instrumental ansambılı üzvlərinin müşayəti ilə vətənpərvər ruhda musiqilər tamaşaçılara xoş təsir bağışlayıb.

RMİ-nin əhatə etdiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Vətən sizə oğul deyir!” adlı tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, MKS-nin direktor əvəzi Leyla Məmmədova tədbirdə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, 26 iyun təkcə Ordumuzun deyil, bütövlükdə Azərbaycan xalqının bayramıdır.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Kürqaraqaşlı Diyarşünaslıq evi, Ərəbqardaşbəyli və Beşdəli kənd klubları və kitabxanalarının əməkdaşları Vətən müharibəsi iştirakçısı, qazi Rauf Səfərovla görüşüblər. Mədəniyyət Mərkəzinin 1, 2 saylı şəhər klubları və Çuxanlı Folklor evi isə Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə konsert proqramı təşkil ediblər.

RMİ-nin əhatə etdiyi X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Ordumuzun bayramı ilə əlaqədar keçirilib.

***

İsmayıllı şəhərinin mərkəzi meydanında Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı keçirilib. Rayon rəhbərliyi, İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, şəhid ailələri və qazilərin iştirak etdiyi tədbirdə Ordumuzun yaranmasından və tarixi Qarabağ Zəfərindən söz açılıb. Konsert proqramında “Niyal” instrumental ansamblının solistləri, “İsmayıllı inciləri” rəqs qrupu, müğənni Sevinc Musayeva çıxış ediblər.

***

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Cəmiyyətdə hərbi-vətənpərvərlik” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev 44 günlük Vətən müharibəsində ordu-xalq birliyindən danışıb, gənclərin vətənpərvər ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb. Fəal gənclər, qazilər fəxri fərmanla təltif ediliblər.

Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət ansamblı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rayonda yerləşən N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində “Yaşasın Azərbaycan Ordusu!” adlı tədbir təşkil olunub. Təqdim edilən konsert proqramı maraqla qarşılanıb.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində isə “Qalib Ordumuz” mövzusunda tədbir keçirilib.

***

Xaçmaz RMİ Qusar rayon Mədəniyyət Mərkəzinin qarşısında Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə Rafiq Paşayevin rəhbərliyi ilə “Ritm” instrumental ansamblının solistləri və Qusar Uşaq incəsənət məktəbinin qızlardan ibarət rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, Xalça Muzeyi, Döyüş Şöhrəti Muzeyi filiallarının əməkdaşları Vətən müharibəsi veteranları və Şəhid ailələrinin iştirakı ilə Xaçmaz Şəhidlər xiyabanını ziyarət ediblər.

Şabran rayon Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusu zəngin inkişaf yolu keçib.

***

Masallı RMİ Cəlilabad rayon Mədəniyyət Mərkəzinin incəsənət ustaları Göytəpə şəhərində yerləşən N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Solistlərinin ifası hərbçilərin ruhunu oxşayıb.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Vətənin ölməz oğulları” layihəsinin növbəti tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva layihənin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən şəhid ailəsi üzvlərinə layihənin təşkilatçıları tərəfindən təşəkkürnamələr təqdim olunub.

Yardımlı rayon Mərkəzi Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə dəyirmi masa keçirilib. Kitabxananın şöbə müdiri Vahid Kərimov əlamətdar gün münasibətilə məruzə ilə çıxış edib. Sonda “Tarix qəhrəmanları unutmur” və “Qüdrətli Ordumuz” adlı sərgilərə baxış olub.