İrsin idarəedilməsi bacarıqlarının inkişafı

Növbəti təlim kursu 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr olunub

 

Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti treninq keçirilir.

İyunun 28-də başlayan və  üç gün davam edəcək təlim kursu “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr olunub.

Açılış mərasimində Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə çıxış edərək Azərbaycanın sözügedən Konvensiyaya və onun əlavə protokollarına qoşulması barədə danışıb, ölkəmizin 2021-ci ildə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi üzrə Komitəsinə dördillik müddətə üzv seçildiyini diqqətə çatdırıb.

Ermənistan tərəfindən ərazilərimizin işğalı zamanı mədəni irs nümunələrinin dağıdılmasından bəhs edən Vasif Eyvazzadə qeyd edib ki, bu konvensiya çərçivəsində  Azərbaycan tərəfi uzun illər çox ciddi işlər aparıb, bu gün isə bu sahədə mütəxəssislərin yetişdirilməsinə ciddi ehtiyac duyulur. O, həmçinin 2016-cı ildə Azərbaycanın dəstəyi ilə San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən Haaqa Konvensiyasının implementasiyasına yardımçı vəsait olan “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Hərbi Təlimat”ın hazırlandığı barədə məlumat verib.

Konvensiya üzrə təlimçi, Britaniyanın Esseks Universitetinin (Essex University) hüquq üzrə fəlsəfə doktoru Marina Lostal çıxış edərək təlim planı, mövzuları, metodologiyası barədə məlumat verib. Tarixi kontekstdə mədəni mülkiyyətin qorunması barədə danışan xanım M.Losta bu mövzuda qəbul edilmiş beynəlxalq normativ sənədlərdən söz açıb. Yerli kontekstdə milli mədəni irs nümunələri, əsasən mədəni mülkiyyət obyektlərinin zərər görməsi və buna görə hüquqi kontekstdə beynəlxalq tribunallarda tətbiq edilən cavab tədbirləri praktikasından nümunələr diqqətə çatdırılıb.

İnteraktiv metodlarla icra olunan təlim kursu keyslər üzərindən praktiki çalışmalar və sual-cavab viktorinaları ilə davam edib.

Təlim kursunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, AMEA-nın müvafiq institutları, Memarlıq və İnşaat Universiteti, ADA Universiteti və digər qurumların nümayəndələri iştirak edir.

Qeyd edək ki, “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” proqramı üzrə ilk treninq UNESCO-nun 1972-ci il “Dünya mədəni və təbii irsinin qorunması haqqında  Konvensiyası”na həsr olunmuşdu.