Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, Türkiyənin UNESCO üzrə Milli Komissiyası və TÜRKSOY-un dəstəyi ilə 17-26 iyun tarixində Bursa şəhərində “Əvvəl zamanı” adlı nağıl festivalı keçirilib.

Festivalda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və kitabxananın elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova iştirak ediblər.

Festivalın məqsədi uşaqlara əyləncəli və özünəməxsus üsulda müxtəlif məkanlarda nağılçılar tərəfindən nağılların təqdim edilməsidir. Qazaxıstandan, İrandan, eləcə də Türkiyənin müxtəlif bölgələrindən qonaqların qatıldığı festival çərçivəsində qədim  Bursa şəhərinin 10 fərqli məkanında (parklarda, muzeylərdə, açıq havada) 32 nağılçı tərəfindən ümumilikdə 100 nağıl təqdim edilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təqdim olunan nağıl, dastan və əfsanələr izləyicilər tərəfindən  maraqla qarşılanıb. Şəhla Qəmbərova və Zahirə Dadaşovaya TÜRKSOY-un xüsusi təşəkkür lövhəsi təqdim edilib.          

Festival  günlərində Respublika Uşaq Kitabxanasının heyəti Bursa şəhəri Gazzeli Ahmed Efendi Mədəniyyət Mərkəzi, Alipaşa Oyuncaq Kitabxanası və Lala Şahin Paşa Uşaq Kitabxanası ilə tanış olub. Kitabxanaya Azərbaycan xalq nağılları kitabı və “Göyqurşağı” uşaq jurnalı hədiyyə edilib.