Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində Berlində muğam konserti, sərgi və ziyafət təşkil olunub. Tədbir Azərbaycanın Almaniyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində gerçəkləşib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şuşa şəhəri və onun xalqımızın tarix və mədəniyyətində xüsusi yeri barədə məlumat verib. Bildirib ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər zəngin tarixi inkişaf yolu keçərək nəinki ölkəmizin, eləcə də regionun mühüm mədəniyyət mərkəzinə çevrilib.

1992-ci ildən 2020-ci ilədək Ermənistan işğalı altında qalmış Şuşanın mədəni irs abidələrinin vəhşicəsinə dağıdıldığını deyən diplomat  44 günlük Vətən müharibəsində  işğaldan azad olunan şəhərin bərpası ilə bağlı görülən genişmiqyaslı işlərdən də söz açıb. Prezident tərəfindən 7 may 2021-ci ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında sərəncam imzalandığı və 2022-ci ilin “Şuşa İli” elan olunduğu diqqətə çatdırılıb.

Diplomat çıxışında həmçinin Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Möhsün Nəvvab, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi məşhur musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin azad edilməsindən 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi ənənəsi bərpa olunub və bununla da Azərbaycan musiqisinin ölkənin mədəniyyət paytaxtına qayıtması gerçəkləşib.

Konsert proqramında Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə xanəndələr Güllü Muradova və Babək Niftəliyev Azərbaycan muğamlarından nümunələr səsləndiriblər. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.

Tədbir çərçivəsində həmçinin səfirlik və “Arts Council Azerbaijan” təşkilatının birgə layihəsi üzrə “Qəlbim Qarabağdadır” adlı sərgi açılıb. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri nümayiş olunub.

Azərbaycan mətbəxi nümunələrinin təqdim olunduğu ziyafət zamanı ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilib.

Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai, siyasi, elmi, mədəni dairələrinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və azərbaycanlı diasporunun təmsilçiləri iştirak ediblər.