İyulun 3-dən 10-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeraların paradı” festivalı keçiriləcək. Teatrdan bildiriblər ki, festival çərçivəsində repertuara yeni daxil edilən 7 tamaşanın nümayişi nəzərdə tutulur.
İyulun 3-də “Lara Martins Jazz club”, ertəsi gün “Utancaq qız”, iyulun 5-də “Məchul pilləkən” balet-tamaşası göstəriləcək. Bundan əlavə, iyulun 6-da “Bəxtiyar”, ayın 8-də “Bir nəfəs qədər”, iyulun 9-da “Psix”, ayın 10-da isə “Beşmanatlıq gəlin” tamaşaları nümayiş olunacaq.
Festival çərçivəsində ilk dəfə təqdim ediləcək “Məchul pilləkən” balet-tamaşası bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniyaya qarşı mübarizə, eyni zamanda digər zərərli vərdişlərə qarşı təbliğatdan bəhs edir. Tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və iradəsinin təntənəsi nümayiş olunur.
Səhnə əsərinin quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhimdir.