Ağdam Dövlət Dram Teatrı repertuarına daha bir tamaşa əlavə edib. Məşqləri başa çatmaq üzrə olan tamaşa Xalq yazıçısı Afaq Məsudun “Can üstə” adlı ikihissəli psixoloji dramı əsasında hazırlanıb.
Pyes, müəllifinin dili ilə desək, bir müəmmalı qətl hadisəsidir. Dram o dünya ilə bu dünya arasında mistik bir keçiddə baş verən hadisələri göstərir.
Onu da qeyd edək ki, əsərə ilk səhnə yozumunu mərhum rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vaxtilə Yuğ Teatrında vermiş və nümunə maraqla qarşılanmışdı.
Budəfəki quruluşun müəllifi Ağdam teatrının rejissoru Səbuhi Əhmədov, rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Rolları Səbuhi Əhmədov, Afərdə Əhmədova, Elşən Cavadov, Xəyalə Xudadatova, Fəqumə Yusifova, Fərhad Fərhadzadə, Qalib Abdullazadə və Anar Əhmədov ifa edirlər.
Tamaşanın premyerası yeni teatr mövsümü üçün nəzərdə tutulub.