Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu mövsümün bağlanış mərasimi keçirilib.
Teatrın direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək Naxçıvan teatrının tarixindən danışıb. Bildirib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü ildə mayın 11-də əsası qoyulan Naxçıvan teatrı zəngin sənət yolu keçərək, həmişə tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb.
Vurğulanıb ki, 139-cu teatr mövsümü Naxçıvan teatrı üçün daha əlamətdar olub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli qərarı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” status verilib.
Mövsümdə kollektiv ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən bir neçə səhnə əsərini tamaşaçılara təqdim edib. İyun ayında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub, həmçinin Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanan tamaşanın məşqləri aparılıb.
Sonra “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub. Görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə hazırlanan səhnə əsərində əsas rolları gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, eləcə də Azərbaycanın Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli və digərləri ifa ediblər.
Tamaşanın rejissoru Azərbaycanın Əməkdar artisti Tofiq Seyidov, rəssamı muxtar respublikanın Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova, rejissor assistenti Vidadi Rəcəblidir.