Bülbül, Mirzə Fətəli və Cavidin yubileyləri ilə bağlı tədbirlər planı hazırlanıb

 

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897-1961) anadan olmasının 125 illiyi ilə əlaqədar AMEA-nın Humanitar Elmlər Bölməsi tərəfindən tədbirlər planı hazırlanaraq icra olunur.

Bu barədə AMEA-nın Humanitar Elmlər Bölməsi Elmi şurasının iclasında akademiyanın vitse-prezidenti, şuranın sədri İsa Həbibbəyli məlumat verib.

İclasda AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Muğamşünaslıq şöbəsinin müdiri, professor Sevil Fərhadovanın “Bülbülün yaradıcılıq yolu Şərq və Avropa mədəniyyətlərinin sintezinin məhsulu kimi” mövzusunda məruzəsi dinlənilib.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin (1812-1878) 210 illiyinin qeyd edilməsi haqqında Humanitar Elmlər Bölməsi Elmi şurasının tədbirlər planı da müzakirəyə çıxarılıb. Plana əsasən, ədibin yubileyi münasibətilə elmi seminarın (Şəki Regional Elmi Mərkəzi, Humanitar Elmlər Bölməsi) və konfransın (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) keçirilməsi nəzərdə tutulur. Həmçinin Mirzə Fətəli Axundzadənin şəxsi arxivi, yaradıcılığında folklor motivləri və mifologizmlər, əlifba, orfoqrafiya, dram və nəsr dili məsələləri və digər mövzularda tədbirlərin təşkil edilməsi qərara alınıb. “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın, “Mirzə Fətəli Axundzadə. Həyatı və yaradıcılığı” (“Sənətkarın elmi pasportu” seriyasından) kitabının hazırlanıb nəşr edilməsi, görkəmli dramaturqun əsərləri, haqqında yazılmış kitablardan ibarət sərginin təşkili barədə elmi tədqiqat müəssisələrinə müvafiq tapşırıqlar verilib.

Akademik İsa Həbibbəyli oktyabrın 24-də dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinin tamam olduğunu xatırladaraq, ədibin həyat və yaradıcılığının tədqiqi və təbliği istiqamətində Hüseyn Cavidin Ev-Muzeyində, eləcə də AMEA-nın elmi müəssisələrində görülən işlər barədə danışıb.

Hüseyn Cavidin 140 illiyi münasibətilə Humanitar Elmlər Bölməsinin tədbirlər planına dair müzakirələr aparılıb. Ədibin yubileyi ilə bağlı müxtəlif konfrans və tədbirlərin keçirilməsi, ensiklopediya və monoqrafiyaların, “Hüseyn Cavidin Ev-Muzeyinin izahlı kataloqu”nun (3 cilddə), AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının xüsusi buraxılışının hazırlanması və bu barədə bölmənin tədbirlər planının təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Görkəmli şərqşünas alim, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın (1932-2005) anadan olmasının 90 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Bu münasibətlə “Elm fədaisi. Azadə Rüstəmova – 90” məqalələr və xatirələr toplusunun hazırlanıb nəşr edilməsi barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna tapşırıq verilib.

İsa Həbibbəyli bölmənin elmi müəssisələrində türk xalqları ədəbiyyatının tədqiq edilməsi istiqamətində görülən işlərdən də bəhs edib. Diqqətə çatdırılıb ki, sentyabr ayında qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun 125 illiyi (1897-1961) qeyd olunacaq. Həmçinin humanitar sahədə fəaliyyət göstərən tanınmış alimlərin yubileylərinin bölmənin elmi şuralarının iclaslarında nəzərə alınması tövsiyə olunub.