Ortaq dərsliklər qəbul edilib

 

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının Nur-Sultanda keçirilən 5-ci iclasında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb.

Dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

Elmi şuranın 2021-ci ildə İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib. Budəfəki  iclasda ekspertlər hər üç dərsliyin mətnlərini razılaşdırıblar.

“Ortaq türk tarixi” dərsliyi yeddi bölmədən ibarətdir və XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir.

“Ortaq türk ədəbiyyatı” dərsliyi isə şagirdlərdə ortaq düşüncə və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.

“Türk dünyası coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə Türk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib.

Elmi şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyir, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin edir və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürürlər.

Xatırladaq ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov, elm və ali təhsil naziri Sayasat Nurbek, Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev, Azərbaycan, Qırğızıstan və Özbəkistanın Qazaxıstandakı səfirləri, Türkiyə və Macarıstan səfirliklərinin nümayəndələri iştirak ediblər.