İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Nazirləri Konfransının Azərbaycanda keçirilən XI sessiyası (27-29 iyun) iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. İyunun 29-da İslam ölkələrinin təmsilçiləri Şuşada olublar.
İƏT-in Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının nümayəndələri Şuşa şəhərində işğal müddətində erməni vandalizminin qurbanı olmuş Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərində aparılan bərpa və təmir işləri ilə tanış olublar.
Səfər zamanı qonaqlara Şuşa rayonunun Daşaltı kəndinin turizm imkanları, burada turizm və rekreasiya zonasının yaradılması üçün mövcud potensial haqqında da məlumat verilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu ərazilərin turizm potensialının istifadəsi üçün Şuşa şəhərinin turizm inkişaf strategiyasının və Daşaltının turizm inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə heyətinin sədri Məftun Abbasov tərəfindən Şuşanın tarixi, Vətən müharibəsindən sonra aparılan yenidənqurma və bərpa işləri, şəhərdəki İslam irsinə aid abidələr haqqında ətraflı informasiya verilib.
Qeyd edək ki, İƏT Turizm Nazirləri Konfransının XI sessiyasının iştirakçıları Füzuli aeroportu ilə də tanış olublar.