1943-cü ildə yaradılan və 1949-cu ildə respublikada (eləcə də ümumilikdə keçmiş SSRİ məkanında) bir sıra rayon teatrları ilə bərabər fəaliyyətini dayandıran Şuşa Dövlət Musiqili Dram Teatrı bir də 1992-ci ildə, artıq Şuşa şəhəri işğal olunandan sonra fəaliyyətini bərpa etmişdi. Bu müddətdə Bakıda fəaliyyət göstərən, 2018-ci ildən əsaslı təmir-bərpa edilmiş ayrıca binası da olan yaradıcı kollektiv, nəhayət, 30 ildən sonra azad Şuşada ilk dəfə tamaşa göstərib.
Mədəniyyət Nazirliyi və “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə iyunun 29-da Şuşa Dövlət Musiqili Dram Teatrı doğma şəhərdə milli dramaturgiyanın ilk səhnə əsərini – M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını nümayiş etdirib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin də dəstək verdiyi tamaşa nümayişi açıq havada gerçəkləşib.