Azərbaycanda səfərdə olan Özbəkistan Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib. Naziri Səmərqənd Dövlət Universitetinin rektoru, professor Rustam Xolmuradov və “Özbəkistan 24” Dövlət Televiziyasının əməkdaşları müşayiət edib.
BMM-in direktoru, Xalq artisti Murad Hüseynov qonaqlara Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci ilin 27 dekabrında keçirilib. Qeyd edilib ki, Azərbaycan muğamı və bu sənətin əsas alətləri – tar, kamança UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alır. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliği ilə bağlı böyük layihələr həyata keçirir. Çoxsaylı ölkələrdə muğam ifaçılarımız çıxışlar edir. Dünyanın məşhur ifaçıları və musiqi kollektivləri ilə əlaqələr qurulur. Eyni zamanda mərkəz tərəfindən müxtəlif layihələr reallaşdırılır, elmi konfranslar, dəyirmi masalar, konsertlər keçirilir.
Aziz Abduhakimov bu il Özbəkistanın Xivə şəhərində təşkil edilən “Lazgi” festivalında BMM-in solistlərinin və “Qarabağ” muğam qrupunun uğurlu çıxışları ilə bağlı mərkəzin rəhbərliyinə təşəkkür edib. Nazir iki qardaş ölkə arasında muğam sənətinin geniş inkişafı nəzərə alınaraq birgə tədqiqat işlərinin həyata keçirilməsini təklif edib, qarşılıqlı sənət mübadiləsinin vacibliyini vurğulayıb.
Qonaqlara BMM-in foyesindəki daimi ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında məlumat verilib.
Görüş zamanı Özbəkistan Makom (muğam) İnstitutunda Azərbaycan milli musiqi alətləri – tar, kamança və qavalın daimi sərgilənməsi, eyni zamanda Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq musiqi alətlərimizin sərgilərinin təşkili ilə bağlı razılıq əldə edilib.
Sonra BMM-in solistləri tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbriz Yusifovun müşayiəti ilə VIII Muğam Televiziya Müsabiqəsinin iştirakçıları Ülkər Abdullayeva və Fuad Əzizzadənin iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc xanəndələrin səsləndirdiyi xalq mahnıları və təsniflər, eləcə də muğamlardan parçalar maraqla qarşılanıb.
Görüş zamanı “Özbəkistan 24” kanalının çəkiliş qrupu BMM-in fəaliyyətini əks etdirən süjet də hazırlayıb.
Lalə