İrsin idarəedilməsi bacarıqları üzrə növbəti treninq yekunlaşıb

UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı.

Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” terninq proqramı çərçivəsində keçirilən növbəti təlim iyunun 29-da başa çatıb. Üçgünlük təlim “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr olunmuşdu.

Konvensiya üzrə təlimçi, Esseks Universitetinin (Böyük Britaniya) hüquq üzrə fəlsəfə doktoru Marina Lostal mədəni sərvətlərlə bağlı cinayət aktları, milli cinayət qanunvericiliyində tələb olunan uyğunlaşma məsələləri, beynəlxalq səviyyədə müharibə cinayətləri kontekstində mədəni mülkiyyətin dağıdılması, insanlıq əleyhinə cinayət təqibi, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası təcrübələrindən bəhs edib. Həmçinin tematik viktorina, xüsusi nümunəvi ssenarilər üzərindən keys stadilər və sual-cavab sessiyası təşkil edilib. Son hissədə M.Lostal keçilmiş mövzuları bir-bir iştirakçılarla birgə müzakirə edərək öyrənilmiş bilikləri daha da möhkəmləndirib.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə iştirakçıları təbrik edib. O, proqram çərçivəsində elan edilmiş Milli İrs Platforması (“İrs Azərbaycan” / “Heritage Azerbaijan” platforması) haqqında məlumat verib və bu kursun iştirakçılarının da platformada yer alacağına ümidvar olduğunu bildirib.

V.Eyvazzadə nəzərdə tutulan növbəti təlim kursları barədə də məlumat verib. Sonda təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edilib.

Təlim kursunda Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Baş Prokurorluq, Dövlət Turizm Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsi, Minatəmizləmə Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AMEA-nın müvafiq institutları, Memarlıq və İnşaat Universiteti və ADA Universitetinin təmsilçiləri iştirak ediblər.