Tanınmış tarzən Yakutiyada qızıl medalla təltif edilib

Xəbər verdiyimiz kimi, Yakutiyada (Rusiya Federasiyası) “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında ənənəvi festival keçirilib.

UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən nümunələrin nümayiş etdirildiyi sayca dördüncü festivalda 14 ölkə, həmçinin Rusiyanın 11 regionu təmsil olunub. Festivalda Azərbaycanı tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə təmsil edib.

Qəzetimizə açıqlama verən tarzən deyib ki, festival çərçivəsində Yakutiya Gənc Tamaşaçılar Teatrında “Arko-Artiko”  kamera orkestri ilə birlikdə solo konsert verib. O, eyni zamanda beynəlxalq elmi simpoziuma qatılaraq “Tar və onun inkişaf yolları” haqqında geniş məruzə ilə çıxış edib. Simpoziumda Yakutiyanın Prezidenti, Milli Məclisinin sədri və digər rəsmilər, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.

Simpoziumdan öncə festival iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Mükafata layiq görülən 4 iştirakçıdan biri də Sahib Paşazadə olub. Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən qızıl medal tarzənə Yakutiya Prezidenti tərəfindən təqdim edilib. Həmin gün virtuoz tarzənin “Oxuyan tar”  adlı solo konserti gerçəkləşib.

Sahib Paşazadə həmçinin Verxnevilluysk kəndində “Isiax” adlı yakut bayramına da qatılıb. Burada uğurlu çıxışına görə sənətçi qızıl medal, sertifikat və diplomla təltif edilib.

Xatırladaq ki, bu, Sahib Paşazadənin sözügedən festivalda ikinci iştirakıdır. O, 2016-cı ildə qatıldığı tədbirdə də Yakutiyanın simfonik orkestri ilə birlikdə solo konsert proqramı ilə çıxış etmiş, tədbir çərçivəsində keçirilən konfransa qatılmışdı. O zaman tarzən 5 fəxri diploma layiq görülmüşdü.

Lalə