İyulun 2-də Gürcüstan paytaxtında – Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının böyük zalında azərbaycanlı dirijor, Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə konsert keçirilib.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Gia Kançeli adına Tbilisi Gənclər Orkestri və solistlər çıxış ediblər.

Proqramda Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 1947-ci ildə yazdığı simli orkestr üçün “Nizaminin xatirəsinə” simfoniyası ifa olunub.

Konsertdə həmçinin Tbilisi Gənclər Orkestrinin direktoru Mixeil Mdinaradzenin “145/Xristos” əsərinin premyerası olub, bəstəkar Otar Qordelinin fleyta üçün konsertinosu (solist yunanıstanlı fleytaçı Statis Karapanos) səslənib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, azərbaycanlı iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan musiqiçilərinin Tbilisidə çıxış etməsi, eləcə də gürcü incəsənət ustalarının Bakıya dəvət olunması mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır. Bu sözləri Tbilisi Gənclər Orkestrinin direktoru, bəstəkar Mixeil Mdinaradze söyləyib.

Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertin həm gürcü sənətsevərlər, həm də Tbilisidə yaşayan azərbaycanlılar tərəfindən maraqla qarşılandığını vurğulayan M.Mdinaradze konsertdə dahi bəstəkar Fikrət Əmirovun böyük mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi simfonik musiqinin səslənməsinin də əlamətdar hadisə olduğunu  bildirib: “Arzu edirəm ki, bu cür konsert tədbirləri, musiqili gecələr tez-tez təşkil olunsun. Azərbaycan musiqisini dinləmək hər zaman xoşdur”.