Akademik Musiqili Teatrda mövsümün yaxşıları mükafatlandırılıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mövsümün yekunları ilə bağlı ənənəvi mükafatlandırma mərasimi olub.

İyulun 4-də keçirilən tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mövsüm ərzində reallaşan layihələrdən, qazanılan uğurlardan danışıb.

Sonra mövsüm boyu yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mükafatlandırılıblar.

Mükafatları sahiblərinə Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Musiqili Teatrın 85 yaşlı aktyoru, Əməkdar artisti Boris Qrafkin, Əməkdar artist Mübariz Həmidov, teatrın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev təqdim ediblər.

Xalq artisti Pərviz Məmmədrzayev “Mövsümün sevilən aktyoru”, Əməkdar artist Şövqi Hüseynov “Teatrın tarixində ilk monotamaşa” (“Utancaq qız” tamaşasına görə) nominasiyaları üzrə mükafatlandırılıb.

Əməkdar artistlər Fərid Əliyev teatrın rus truppası üzrə "Mövsümün aktyoru”, Nərgiz Kərimova isə “Mövsümün aktrisası” seçilib.

Ülviyyə Əliyeva “Mövsümün sevilən aktrisası”, Zaur Əliyev “Mövsümün perspektivli aktyoru”, Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Fərid Rzayev “Mövsümün ən məhsuldar aktyoru”, Mehriban Zaliyeva “Mövsümün ən məhsuldar aktrisası”, Səmədzadə Xasiyev “Mövsümün aktyoru”, Elnarə Nağdəliyeva “Mövsümün aktrisası, Məhəmməd Abdullayev “Mövsümün ən yaxşı balet artisti”, Mehriban Rəcəbova “Mövsümün ən yaxşı xor artisti”, Fərrux Günəşov “Mövsümün ən yaxşı musiqiçisi”, Məhəmməd Məhəmmədov “Mövsümün ən yaxşı texniki işçisi”, Əliməmməd Novruzov “Mövsüm ərzində kişi rolunun ən yaxşı ifasına görə”, Gülnarə Abdullayeva “Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, Qabil Gözəlov “Mövsümün ən işgüzar əməkdaşı”, Nicat Əli “Mövsümün ən cəsarətli kişi roluna görə”, Gültac Əlili “Mövsümün ən cəsarətli qadın obrazının ifasına görə”, Adelya Osmanova “Mövsüm ərzində uşaq rolunun ən yaxşı ifasına görə”, Tural Bədəlov “Mövsüm ərzində teatrın dostu” nominasiyalarında mükafata layiq görülüblər.

“Mövsümün ən yaxşı tamaşası” kimi “Lara Martin's Jazz Club” caz-tamaşası qeyd edilib və quruluşçu rejissoru İradə Gözəlova mükafatlandırılıb.

Mərasimdə, həmçinin Əməkdar artist Nahidə Orucovaya və teatrın quruluşçu rejissoru Samir Qulamova (“Paris Notr-Dama ithaf” tamaşasına görə) Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına "Büllur alma” mükafatı da təqdim olunub.

Tədbirdə təbrizli rəssam Qadir Fəthi də iştirak edib və 44 günlük Vətən müharibəsinin iştirakçısı, Şuşaya qədər şərəfli döyüş yolu keçən teatrın balet artisti Murad Ağayevin portretini çəkərək onun özünə təqdim edib.