Gəncə RMİ, Türkiyənin Gəncədəki Baş Konsulluğu, “MGM Group” və “HAKAS” şirkətlərinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Türkiyə-Azərbaycan qardaşlıq gecəsi” adlı konsert proqramı keçirilib. Konsertdə qonaq qismində tanınmış türkiyəli müğənni, bəstəkar Uğur Işılak iştirak edib.

Konsert proqramından əvvəl Gəncə Şəhər İcra Hakimiyyətində qonaqla görüş olub. Sonra Uğur Işılak Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı əraziyə baş çəkib, burada həlak olanların xatirəsinə ehtiramını bildirib. Qonaq həmçinin Nizami Gəncəvi Məqbərəsini və Nuru Paşanın Ev-Muzeyini də ziyarət edib.

“Türkiyə-Azərbaycan qardaşlıq gecəsi” adlı konsert proqramı ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri – Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, digər solistlər Pərvanə Rüstəmova, İslam Əlizadə, Rövşən Məmmədov və başqaları maraqlı repertuarla çıxış ediblər. “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifasında nümayiş olunan rəqs proqramı tamaşaçıların zövqünü oxşayıb.

Konsertin ikinci hissəsində türkiyəli müğənni Uğur Işılak səhnədə yerini alıb. Sənətçinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Söz və musiqisi özünə aid olan “Azərbaycan Türkiyədir – Türkiyə Azərbaycan” türküsü isə böyük coşqu yaradıb.

Sonda sənətçi göstərdikləri isti münasibətə və qonaqpərvərliyə görə gəncəlilərə təşəkkürünü bildirib.

Nurəddin