Türkiyənin Kayseri vilayətinin Dəvəli bölgəsində 30 iyun – 2 iyul tarixlərində keçirilən III Beynəlxalq Dəvəli Aşıq Seyrani və Türk Mədəniyyəti Konfransında AMEA Folklor İnstitutunun alimləri də iştirak ediblər.

Dəvəli şəhərindəki Mustafa Aksu Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirə müxtəlif türkdilli ölkələrdən 100-dən çox elm xadimi qatılıb.

Konfransda azərbaycanlı alimlər – professor Seyfəddin Rzasoy “XIX əsr aşıq şeirində “aşıq” xarakterinin semantik xüsusiyyətləri: Aşıq Seyrani və Aşıq Ələsgər”, Əli Şamil “Orta Asiya türklüyü”, dosent Qalib Sayılov “Aşıq şeirində ticarət anlayışları”, dosent İlhamə Qəsəbova “Türk etnik-mədəni ənənəsində arxaik yas ənənələri”, dosent Ləman Süleymanova “Xına mərasimlərinin keçmişi və bu günü”, dosent Aynur İbrahimova “Bəxtiyar Vahabzadənin yaradıcılığında milli yaddaşdan gələn enerji: “Özümüzü kəsən qılınc” əsasında” və Məhsəti Süleymanova “Uşaqların təhsilində və inkişafında oyunların rolu” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Özbəkistana həsr olunmuş fotosərgisi də nümayiş olunub.